00:00:00
Yazar
Hüseynova Mələk
30.10.2026 17:12 25 2 dəq oxuma
Dünya

​Romada üçtərəfli diplomatik təmas: Cənubi Qafqaz səfirləri İtaliyada görüşüb

​Romada üçtərəfli diplomatik təmas: Cənubi Qafqaz səfirləri İtaliyada görüşüb

Azərbaycan, Ermənistan və Gürcüstanın İtaliyadakı səfirləri Romada bir araya gələrək Cənubi Qafqazda regional əməkdaşlıq perspektivləri, təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı "İnformator. az"a açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstan səfirlərinin Romada bir araya gəlməsi Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara Avropanın artan marağının göstəricisi kimi qiymətləndirilə bilər:

 

"Bu görüşü İtaliyanın xüsusi vasitəçilik təşəbbüsü kimi təqdim etmək doğru olmaz. Çünki görüş oktyabrın 26-da Romada keçirilən XVII Diplomatiya Festivalı çərçivəsində təşkil olunmuş panel müzakirəsi idi. Burada əsas məqsəd regionda davamlı sülhün perspektivlərini, nəqliyyat kommunikasiyalarının inkişafını, regional ticarət imkanlarını və Cənubi Qafqazın Avropa ilə əlaqələrinin genişləndirilməsini müzakirə etmək olub. İtaliyanın seçilməsi də təsadüfi deyil. Bu ölkə Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından biridir və Cənubi Qafqazın Avropanın enerji və nəqliyyat təhlükəsizliyində oynadığı rol Roma üçün xüsusi əhəmiyyət daşıyır".

 

 

 Politoloq bildirib ki , digər tərəfdən Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsi Gürcüstan da daxil olmaqla bütün region üçün yeni iqtisadi əməkdaşlıq imkanları yaradır:

 

“Bu baxımdan, üç ölkənin diplomatik nümayəndələrinin eyni platformada iştirakı həm qarşılıqlı dialoqun təşviqi, həm də regionun gələcək inkişaf perspektivlərinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından əhəmiyyətlidir. Belə görüşlərin digər Avropa paytaxtlarında da keçirilməsi mümkündür. Xüsusilə, Brüssel, Berlin və Paris kimi siyasi mərkəzlərdə Cənubi Qafqazın gələcəyi, Orta Dəhlizin inkişafı və regional iqtisadi inteqrasiya məsələləri ətrafında oxşar müzakirələr təşkil oluna bilər. Belə təmasları Azərbaycan-Ermənistan sülh prosesində yeni vasitəçilik formatının yaradılması kimi qiymətləndirmək üçün hələ əsas yoxdur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh prosesinin əsas iştirakçıları Bakı, İrəvandır və münasibətlərin normallaşdırılması birbaşa dialoq əsasında davam etdirilməlidir. Avropa ölkələrinin bu prosesə ən faydalı töhfəsi isə siyasi dialoqu dəstəkləmək, regional kommunikasiyaların açılmasına investisiya marağını artırmaq ola bilər. Xüsusilə, Azərbaycanın irəli sürdüyü regional bağlantı təşəbbüsləri və Orta Dəhlizin genişlənməsi Avropa üçün yeni iqtisadi perspektivlər yaradır. Bu mənada Roma görüşünü konkret siyasi razılaşmadan daha çox, Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq məkanına çevrilməsi imkanlarının beynəlxalq səviyyədə müzakirəsi kimi dəyərləndirmək daha düzgün olar".

 

Xədicə İsmayılova

 

#Roma #səfir #Qafqaz #Cənubi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər