00:00:00
Yazar
Hüseynova Mələk
30.10.2026 17:08 87 3 dəq oxuma
Dünya

Rusiya-Ukrayna danışıqlarının taleyi Kiyevin mövqeyindən asılıdır?

Rusiya-Ukrayna danışıqlarının taleyi Kiyevin mövqeyindən asılıdır?

Rusiya prezidentinin köməkçisi bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi Kiyevin atacağı addımlardan asılıdır. Onun sözlərinə görə, danışıqların gələcəyi Ukrayna tərəfinin mövqeyi ilə müəyyənləşəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq  Rəşad Bayramov bildirib ki, hazırda Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yenidən bərpası ilə bağlı müzakirələr aktivləşib və bu aktivlik də Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla nizamlanması perspektivləri ilə bağlı müəyyən ümidlər yaradıb:

 

“Belə bir şəraitdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun danışıqların perspektivinin Kiyevin mövqeyindən, cəbhədəki vəziyyətdən və ümumi beynəlxalq şəraitdən asılı olduğunu bildirməsi isə Rusiya vasitəsilə topun Ukrayna meydanına atılması anlamına gəlir. 

Bunun, yəni danışıqların taleyinin Ukraynanın atacağı addımlarla əlaqələndirməsinin bir neçə siyasi məqsədi var. İlk növbədə, rəsmi Moskva məsuliyyətin bir hissəsini Kiyevin üzərinə yönəltməyə və beynəlxalq ictimaiyyətdə Ukraynanı kompromisə getməyən tərəf kimi təqdim etməyə çalışır. Bu yanaşma Rusiyaya özünün irəli sürdüyü ərazi və təhlükəsizlik tələblərini danışıqların əsas şərtləri kimi gündəmdə saxlamaq imkanı verir.

Digər tərəfdən, Kreml Vaşinqtonun Kiyevə təsir imkanlarından istifadə etməsində maraqlıdır. Moskva hesab edir ki, ABŞ Ukraynaya hərbi, maliyyə və diplomatik dəstəyin həcmini müəyyənləşdirməklə onun qərarlarına təsir göstərə bilər. Lakin burada mühüm ziddiyyət mövcuddur. Ziddiyyət ondan ibarətdir ki, Rusiya danışıqlara hazır olduğunu bəyan etsə də, Ukraynadan gözlədiyi güzəştlər onun suverenliyi və ərazi bütövlüyü məsələləriridir. Başqa sözlə Rusiya Ukraynanın qırmızı xətlərindən imtinasını istəyir”.

 

Politoloqun sözlərinə görə, Kiyev isə haqlı olaraq danışıqların yalnız ərazi güzəştləri üzərində qurulmasını mümkünsüz hesb edir. Zelenski mümkün razılaşmanın möhkəm təhlükəsizlik təminatları ilə müşayiət olunmasını və Avropa dövlətlərinin də prosesdə iştirakını vacib hesab edir:

 

“ABŞ-nin bu prosesdəki rolu isə həlledici amillərdən biridir. Donald Tramp administrasiyası həm Moskva, həm də Kiyev üzərində diplomatik və iqtisadi təsir imkanlarına malikdir. Vaşinqton Ukraynaya hərbi yardım, kəşfiyyat məlumatları və maliyyə dəstəyi vasitəsilə təsir göstərə bildiyi kimi, Rusiyaya qarşı sanksiyalar və iqtisadi münasibətlərdən də danışıqlarda vasitə kimi istifadə edə bilər. Lakin ABŞ-nin təsir imkanları tərəflərin fundamental maraqlarını avtomatik şəkildə uzlaşdırmaq demək deyil. Digər mühüm məsələ Avropanın danışıqlardakı roludur. Moskva üçtərəfli texniki danışıqlarda Avropa nümayəndələrinin iştirakını nəzərdə tutmur. Halbuki Ukraynanın təhlükəsizlik təminatları, müharibədən sonrakı bərpa prosesi və Rusiyaya qarşı sanksiyaların gələcəyi birbaşa Avropa dövlətlərinin maraqlarına toxunur. Bu səbəbdən Avropanın prosesdən kənarda qalması gələcək razılaşmanın icrasını faktiki olaraq mümkünsüzləşdirir. 

Üçtərəfli danışıqların bərpası məsələsinə gəldikdə isə, hazırkı şəraitdə belə bir görüşün keçirilməsi üçün diplomatik zəmin mövcuddur. Vladimir Putin oktyabrın 21-də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə noyabr ayında danışıqları bərpa etməyə prinsip etibarilə hazır olduğunu bildirib. Zelenski də noyabrın ilk yarısında Əbu-Dabidə görüş keçirilməsinə müsbət yanaşıb. Lakin Moskva sonradan görüşün vaxtının cəbhədəki vəziyyətdən və Yaxın Şərqdəki hadisələrdən asılı olduğunu açıqlayaraq faktiki olaraq üçtərəfli görüşün tez bir zamanada baş tutmasında maraqlı olmadığını ortaya qoyub”.

 

Müsahib qeyd edir ki, əsas maneələr ərazi məsələsi, atəşkəsin şərtləri və Ukraynaya veriləcək təhlükəsizlik təminatlarıdır. Rusiya Ukraynanın Donbasla bağlı güzəştlərə getməsini tələb edir, Kiyev isə işğal olunmuş ərazilərdən imtinanı və gələcək təhlükəsizliyini riskə atan razılaşmanı qəbul etmir:

 

“Odur ki, Uşakovun nə deməsindən asılı olmayaraq danışıqların gələcəyini yalnız Kiyevin mövqeyi ilə əlaqələndirmək düzgün olmayıb. Bu proses əslində Rusiyanın öxünün komprommisə nə qədər hazır olduğundan, Vaşinqtonun vasitəçilik imkanlarından, Avropanın mövqeyindən və cəbhədəki real vəziyyətdən asılıdır. Üçtərəfli görüşün keçirilməsi diplomatik prosesin bərpası baxımından əhəmiyyətli addım ola bilər, lakin bu, müharibənin başa çatacağı anlamına gəlmir. Çünki Rusiya öz malsimalist tələblərindən geri çəkilmir. Bu baş verməyəcəyi halda üçtərəfli masa qurulsa belə həmin masadan sülh razılşamasının ortaya çıxması inandırıcı deyil”.

 

Mələk Hüseynova

 

#Rusiya #Ukrayna #taley
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər