Rəqəmsal dövrdə sosial şəbəkələrin psixoloji vəziyyətə təsiri
Rəqəmsal mühitin sürətlə genişləndiyi bir zamanda sosial şəbəkələr insanların gündəlik həyatında ayrılmaz hissəyə çevrilib. Son araşdırmalar isə bu platformaların psixoloji sağlamlıq və informasiya qavrayışı üzərində ciddi təsirlər yaratdığını göstərir.
Mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfov “İnformator.az”a bildirib ki, sosial şəbəkələrdə fasiləsiz informasiya axını beynin diqqət və fokus mexanizmlərini ciddi şəkildə yükləyir:
“Tez dəyişən vizual məlumatlar uzunmüddətli diqqəti zəiflədir, icraedici funksiyaların fəaliyyətini ləngidir və impulsiv davranışı artırır. Ekran ritminin sürətlənməsi emosional ifadəni məhdudlaşdırır, empatiyanı azaldır, insanın real ünsiyyətdə özünü ifadə imkanlarını daraldır. Sosial şəbəkələrdə formalaşan saxta dəyərlər insanların davranışlarına birbaşa təsir edir, “virtual təsdiqlənmə” isə psixoloji asılılıq yaradır. Lüks həyatın və xoşbəxtliyin yalançı nümayişi insanın öz həyatını dəyərsizləşdirməsinə gətirib çıxarır. Başqalarının səthi paylaşımlarını izləmək psixoloji boşluq yaradır. İnformasiya axını sürətləndikcə reallığın qavrayışı təhrif olunur, düşüncə zəifləyir, psixoloji dayanıqlıq azalır”.
Rövşən Nəcəfov hesab edir ki, informasiyanın həddindən artıq olması beyin üçün əlavə stres yaradır. Bu isə həm psixoloji, həm də emosional sabitliyi sarsıdır:
“Manipulyativ və qeyri-dəqiq informasiyalar psixoloji sistemdə xaos yaradır. Beyin həqiqəti saxtadan ayırmağa çalışdıqca enerji itkisi artır, stress yüksəlir, təhlükə hissi güclənir. İnsan özünü təhlükədə hiss edir, yuxu pozulur və psixoloji immunitet zəifləyir. Yanlış məlumat bolluğu cəmiyyətin müxtəlif sütunlarına - dövlətə, elmə, ailəyə və sosial münasibətlərə etimadı azaldır. Beləliklə, güvənsizlik artır, sosial təcrid dərinləşir, emosional reaksiyalar məntiqi düşüncəni üstələməyə başlayır".
Mütəxəssis problemin qarşısını almaq üçün bir sıra tövsiyələr də verib:
"Sosial şəbəkə istifadəsinə zaman və məzmun sərhədləri qoymaq, real sosial münasibətləri gücləndirmək, fiziki aktivlik, nəfəs və diqqət məşqlərini gündəlik həyata daxil etmək, informasiyanı seçici şəkildə qəbul etmək və saxta dəyərlərin təsirindən uzaq durmaq. Sosial şəbəkələr psixoloji simptomları artırdığı hallarda peşəkar dəstək alınması vacibdir. Reallığın dəyəri virtual təsdiqdən daha yüksəkdir. Həqiqi münasibətlər və insanın öz həyatına sahib çıxması psixi sağlamlığın əsas şərtidir. Psixi sağlamlıq heç vaxt rəqəmsal platformaların alətinə çevrilməməlidir”.
Fatimə Hüseynli
