Rəqəmsal Nəsil: AI ilə Sağlam və Faydalı Texnologiya İstifadəsi
Süni intellekt və rəqəmsal texnologiyalar gənclərin gündəlik həyatında hər gün daha çox yer tutur. Onlar dərsdə, istirahətdə və sosial mühitdə bu alətlərlə qarşılaşır, amma texnologiyadan ağıllı və balanslı istifadə etmək hər zaman asan olmur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildiribki,təssüf ki, ölkəmizdə bu mövzuya yetərli diqqət ayrılmayır:
“Bu günkü gənclər texnologiyanın passiv istifadəçiləri deyil, aktiv isifadə edən gənclərdir. Buna görə ənənəvi ( TV, radio) maarifləndirmə üsulları artıq kifayət etmir. Daha effektiv nəticə üçün interaktiv və təcrübəyə əsaslanan yanaşmalar vacibdir.Simulyasiya və real ssenarilər: gəncləri risklər barədə elə internet daxilində məlumatlandırmağın zəruri olduğunu düşünürəm. Bunun üçün müxtəlif ssenarili videolar ilə "şəxsi məlumatların sızması", “deepfake” örnəklərini və yarana biləcək problemləri göstərmək mümkündür.
Rəqəmsal savadlılıq kampaniyaları: TikTok, Instagram kimi platformalarda 7 və ya 30 günlük yarış kampaniyaları gənclərin texnologiyadan balanslı istifadəsini təşviq edə bilər.
Düşünürəm ki, gənclərdən daha çox orta yaş və yaşlı nəsil bu riskin altındadır. Onlar günümüzün texnologiyalarının hansı dərəcədə inkişaf etmiş olmasından daha az xəbərdardırlar.
Məlumat təhlükəsizliyi yalnız texniki məsələ deyil, həm də şəxsi məsuliyyət məsələsidir. Əsas prinsiplər sadə, amma çox vacibdir.“Paylaşmazdan əvvəl düşün” prinsipi: Sosial mediada paylaşılan hər bir məlumat (şəkil, məkan, şəxsi məlumat) potensial olaraq açıq məkana çıxır. İkiqat doğrulama və parol təhlükəsizliyi: Hər hesab üçün fərqli, mürəkkəb parol və 2FA mütləq olmalıdır. Tətbiq icazələrinə nəzarət: Mobil tətbiqlər hansı məlumatlara çıxış əldə edir? Gənclər bu barədə məlumatlı olmalıdır. Məxfilik ayarlarının aktiv idarəsi: Sosial şəbəkələrdə “varsayılan” məxfilik ayarları çox vaxt açıq olur. Onları fərdiləşdirmək vacibdir. AI və saxta kontent riski: Gənclər “gördüklərinə inanma” bacarığını inkişaf etdirməlidir. Çünki manipulyasiya halları (deepfake, saxta xəbərlər) artır. AI və texnologiya peşələri transformasiya edir. Əsas fərq bu olacaq.Texniki bilik deyil, adaptasiya bacarığı dəyərli olacaq. Gələcəyin peşəkarı alətləri əzbərləyən deyil, onları məqsədinə uyğun tətbiq etməyi bacaran şəxs olacaq. Yeni hibrid peşələr yaranacaq. Marketinq + AI, hüquq + data analitikası, dizayn + prompt engineering kimi sahələr artıq formalaşmağa başlayıb. Soft bacarıqlar ön plana çıxacaq. Tənqidi düşüncə, kreativlik, problem həll etmə və kommunikasiya AI dövründə daha dəyərli olacaq.
Daimi öyrənmə normal hala çevriləcək. Texnologiyanın inkişaf sürəti o qədər yüksəkdir ki, gənclər üçün bir dəfə öyrənmək deyil, “davamlı öyrənmək” bacarığı vacib olacaq”.
Ədilə Hüseynzadə
