Rəşid Behbudov
Bu gün Azərbaycan mədəniyyətinin dünya səviyyəli sənətkarlarından biri Rəşid Behbudovun 110 illiyi qeyd olunur. 1915-ci il dekabrın 14-də Tiflisdə Şuşalı xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açan Rəşid Behbudov uşaq yaşlarından musiqiyə olan istedadını nümayiş etdirərək məktəb xorunda oxumağa başlayıb.
O uşaqlıq və gənclik illərində musiqi ilə yaxından məşğul olub. 1930-cu illərin sonlarında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor səhnələrində solo ifaçı kimi çıxış edən Rəşid Behbudov, 1939-cu ildə teatrın truppası ilə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birlikdə Krım cəbhəsinə yollanan sənətkar, həmin il Azərbaycan Dövlət Caz Orkestrının tərkibində İranda qastrol səfərində də olub.
Sənətkarın yaradıcılığında dönüş nöqtəsi isə 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alması olub, film1945-ci ildə efirə çıxanda qısa müddətdə yalnız Azərbaycanda deyil, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. Əsgər roluna görə 1946-cı ildə Stalin mükafatına layiq görülən sənətkarın şirin və dərin səsi hər dinləyicini valeh edib. Bu film Azərbaycan kinosunun qızıl fonduna daxil olub və bu gün də tamaşaçılara nümayiş etdirilir.
Rəşid Behbudov həm də Azərbaycan musiqi sənətinin təbliğatçısı kimi tanınır. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə isə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən Azərbaycan Dövlət Mahnı Teatrını yaradaraq ömrünün sonuna qədər onun solisti və bədii rəhbəri olub. Bu teatr sənətkarın adını daşıyır və onun mirasını yaşadır.
Sənətkar bütün Sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş repertuarla çıxış edərək Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin beynəlxalq səviyyədə tanınmasında böyük rol oynayıb. Rəşid Behbudov Hindistana səfəri barədə “Uzaq Hindistanda” kitabını yazaraq ölkəmizin musiqi mədəniyyətini dünya oxucusuna təqdim edib.
Rəşid Behbudovun repertuarında “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” kimi əsərlər xüsusi yer tutur. Onun şəffaf, axıcı səsi və fitri istedadı Azərbaycan musiqisinə və mədəniyyətinə əbədi şöhrət gətirib.
Rəşid Behbudovun ifaçılığı xalq yaradıcılığı, vokal sənəti və estrada janrını sintez etməsi ilə seçilib. Onun müstəsna səsi, zahiri görkəmi və aktyorluq istedadı dinləyiciləri və tamaşaçıları hər zaman ovsunlayıb. Azərbaycan bəstəkarlarının, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli sənətkarların əsərlərinin dünya səhnəsində tanınmasında onun payı əvəzsizdir.
1989-cu il iyunun 9-da Moskvada vəfat edən Rəşid Behbudov Bakıda Fəxri xiyabanda dəfn olunub. Onun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub və səsi, yaradıcılığı ilə hər zaman gələcək nəsilləri ilhamlandırır.
Ayan Sədi
