Rusiya Beynəlxalq Kosmik Stansiyasında 2028-ci ilə qədər qalacaq
Rusiya 2028-ci ilə qədər Beynəlxalq Kosmik Stansiyasında qalacağını bildirib.
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, hökumətin qərarı ilə Beynəlxalq Kosmik Stansiyanın işi 2028-ci ilə qədər uzadılıb. Bunu “Roskosmos” dövlət korporasiyasının rəhbəri Yuri Borisov Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.
Bir həftə əvvəl Roskosmos artıq ISS-in Rusiya seqmentinin ömrünü 2028-ci ilə qədər uzatmaq üçün hökumətə təkliflər göndərdiyini bildirmişdi.
Amma ötən il iyulun sonunda Borisov Putinlə görüşdə Rusiyanın 2024-cü ildən sonra ISS layihəsindən çıxacağını bəyan etmişdi: "Təbii ki, biz tərəfdaşlarımız qarşısında bütün öhdəliklərimizi yerinə yetirəcəyik. Amma 2024-cü ildən sonra bu stansiyadan ayrılmaq qərarı verilib”.
Roskosmos rəhbəri özünün Rusiya orbital stansiyası yaratmaq planlarından da danışıb. Onun bu bəyanatları Rusiyanın Ukraynaya qarşı müharibəsi və Moskvanın Qərb ölkələrindən təcrid olunması fonunda səslənib.
Qeyd edək ki, 12 aprel Rusiyada Kosmonavtika Günü kimi qeyd olunur. Bundan 62 il əvvəl Yuri Qaqarin ilk dəfə kosmosa uçuş həyata keçirib.
Fatima Mustafayeva
