Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Moskva enerji kartını masaya qoydu
Rusiya-Ermənistan münasibətlərində yeni bir gərginlik mərhələsi başlayır. Moskva İrəvanın Avropa Birliyi ilə inteqrasiya istiqamətində atdığı addımlara artıq açıq təhdidlərlə cavab verməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlaması bu gərginliyin yeni bir həddə çatdığını göstərir. Moskva enerji leverajını diplomatik təzyiq aləti kimi masaya qoyub.
Mövzu ilə bağlı “İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, bu açıqlama açıq siyasi təzyiq mesajıdır:
“Moskva Ermənistana göstərir ki, Avropa Birliyinə inteqrasiya xətti sadəcə diplomatik seçim kimi yox, Rusiya ilə mövcud iqtisadi güzəştlərin itirilməsi riski kimi qiymətləndiriləcək. Zaxarovanın qaz, neft məhsulları və yanacaq sazişlərini dayandırmaqla bağlı xəbərdarlığı xüsusilə seçki öncəsi dövrdə Paşinyan hakimiyyətinə ünvanlanan sərt siqnaldır. Rusiya bununla həm Ermənistan cəmiyyətinə “Qərbə yaxınlaşmanın qiyməti olacaq” mesajı verir, həm də Paşinyanın xarici siyasət kursunu daxildə mübahisəli mövzuya çevirməyə çalışır. Rusiya bu sazişləri həqiqətən dayandırsa, Ermənistan iqtisadiyyatı üçün ilk təsir enerji qiymətlərinin bahalaşması, istehsal xərclərinin artması və sosial narazılığın güclənməsi ola bilər. Ermənistan dənizə çıxışı olmayan, enerji alternativləri məhdud ölkədir və Rusiyadan ucuz qaz asılılığı onun sənaye, nəqliyyat, kommunal xidmətlər və əhali xərclərinə birbaşa təsir edir. Bu addım Paşinyan üçün ciddi siyasi risk də yaradar. Müxalifət bunu “Qərbə yaxınlaşmanın ağır nəticəsi” kimi təqdim edə bilər, amma Moskva üçün də bu, tam risksiz addım deyil. Belə təzyiq Ermənistan cəmiyyətində anti-Rusiya əhvalını daha da gücləndirə və İrəvanın Qərblə yaxınlaşmasını sürətləndirə bilər. Bu xəbərdarlıq təkcə enerji məsələsi deyil, Ermənistanın geosiyasi istiqamətini müəyyənləşdirmək uğrunda açıq təzyiq alətidir.
Mehriban Yariyeva