00:00:00
Yazar
Zəhra Həsənova
29.05.2026 16:34 26 2 dəq oxuma
Siyasət

“Rusiya Ermənistana qarşı iqtisadi, siyasi və sosial istiqamətlərdə təzyiqlər edir”- ŞƏRH

“Rusiya Ermənistana qarşı iqtisadi, siyasi və sosial istiqamətlərdə təzyiqlər edir”- ŞƏRH

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsini Nikol Paşinyanın seçki kampaniyasına dəstək kimi qiymətləndirib. O bildirib ki, Ermənistanın son dövrdə atdığı addımlar Moskva ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun deyil.

 

Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik yeni proses deyil və artıq uzun müddətdir davam edən siyasi xəttin davamıdır:

 

“Rusiya Ermənistana qarşı iqtisadi, siyasi və sosial istiqamətlərdə təzyiqlər edir. Rusiyadakı erməni miqrantların ölkədən çıxarılması, erməni iş adamlarının mal-mülkünün müsadirə olunması, Ermənistanda Rusiyaya yaxın müxalif qüvvələrin - Robert Köçəryan və Samvel Karapetyan kimi şəxslərin dəstəklənməsi bunu açıq şəkildə göstərir. Hətta Azərbaycandan könüllü çıxmış ermənilərə yardımların göstərilməsi də Moskvanın bölgədə təsir imkanlarını qorumaq istədiyini göstərən amillərdəndir. Bu baxımdan Şoyqu yeni nəsə demir və onun səsləndirdiyi fikirlər Ermənistan-Rusiya münasibətlərində yeni gərginlik yaratmayacaq. Çünki bu gərginlik artıq mövcuddur və artan xətt üzrə davam edir.ABŞ ilə Ermənistan arasında əməkdaşlıq da yeni mərhələ deyil və Vaşinqton son illərdə İrəvanla münasibətləri davamlı şəkildə genişləndirir. ABŞ ilə Ermənistan arasında əməkdaşlıq əvvəlki illərdə də mövcud idi. 2024-cü ildə tərəflər arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdı və hazırda həmin əməkdaşlığın davamı müşahidə olunur. ABŞ Ermənistan hökumətinə dəstəyini gizlətmir. Bunun fonunda Rusiya da Ermənistanda Rusiyayönlü qüvvələri dəstəkləyir və bunu açıq şəkildə edir”.

 

Sədrəddin Soltan vurğulayıb ki, ABŞ və Rusiyanın Ermənistandakı siyasi proseslərə təsiri mümkündür, lakin əsas rol yenə də Ermənistan cəmiyyətinə məxsus olacaq:

 

“ABŞ prezidenti Donald Trampın Nikol Paşinyanın seçkilərdə qalib gəlməsini istədiyini bildirməsi də Vaşinqtonun mövqeyini açıq şəkildə göstərir. Rusiyanın Ermənistandakı proseslərə təsiri nə qədər olacaqsa, ABŞ-nin də təsiri az olmayacaq. Amma əsas məsələ Ermənistan cəmiyyətinin və siyasi qüvvələrinin bu proseslərə münasibətidir. Ermənistanın ABŞ ilə yaxınlaşması regionda ciddi geosiyasi dəyişiklik yaradacaq səviyyədə deyil. Ermənistan həm Rusiya, həm də ABŞ arasında müəyyən tarazlığı qorumağa çalışır. İrəvan Moskva ilə münasibətləri tam dayandırmayıb və Avrasiya istiqamətində əməkdaşlıq davam edir. Buna görə də Ermənistanda baş verən proseslərin region ölkələrinə ciddi təsir göstərmək ehtimalı yüksək deyil”.

Ayşə Müzəfərli

#“rusiya #gündəm #azərbaycan #sosial #edir”-
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər