" Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri çox yaxşı inkişaf edir"
Aleksey Overçukun sözlərinə görə, iki ölkə arasında iqtisadi sahədə əlaqələr çox yaxşı inkişaf edir: “Biz daim təmasları dəstəkləyirik. O cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində biz həmkarlarımızla fəal ünsiyyətdə olduq. Ona görə də, burada Azərbaycanla iqtisadi baxımdan əlaqələrimiz planlaşdırdığımız kimi normal inkişaf edir”, - Rusiya Baş nazirinin müavini qeyd edib.
Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, son üç il ərzində ölkəmizdən qeyri-neft məhsulları ixracı əməlli azalıb. Təbii ki, bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir:
"İtaliya və Türkiyədən sonrakı sırada Rusiya Azərbaycanın üçüncü ticarət tərəfdaşıdır. İldən-ilə də, bu ticarət artır. Təkcə keçən il ərzində Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 10,1 % artaraq təxminən 4,8 milyard ABŞ dolları təşkil edib və sözügedən ölkəylə alış-verişimiz ümumi xarici ticarət dövriyyəmizdə 10,08 % paya sahib olub. Azərbaycan Rusiya ilə qarşılıqlı ticarət əlaqələrində 2024-cü ili 2 milyard 443 milyon 124 min 790 dollar mənfi saldo ilə başa vurub. Müqayisə üçün qeyd edim ki, 2023-cü ilin yekununa əsasən bu rəqəm 1 milyard 965 milyon 917 min 550 dollar təşkil edib. Mənfi saldonu artıran səbəb keçən il ərzində ölkəmizdən Rusiyaya ixracın 1,5% azalaraq 1,178 milyard dollar, Rusiyadan idxalın isə 14,5% artaraq 3,621 milyard dollar təşkil etməsi olub. Ümumiyyətlə, ölkəmizə idxalda əsas ölkələr sırasında Rusiya iki il bundan əvvəl, yəni 2023-cü ilin yekununa əsasən ümumi idxalda 18,29 % pay həcmiylə 1-ci yerdə dayanıb. Ötən ilsə onu bu sırada Çin əvəz edib. Rusiyadan Azərbaycana tikinti materialları, mal və quş əti, kərə yağı, süd, balıq məhsulları, yumurta, kartof, buğda, un və un məmulatları, marqarin və bitki yağları, alkoqollu içkilər, dərman vasitələri, tütün məmulatları, iribuynuzlu heyvanlar, ev quşları, sürtkü yağları, habelə elektrik enerjisi, qaz, kimya sənayesi məhsulları, kağız, müxtəlif məişət cihazları idxal olunur. Azərbaycandan Rusiyaya əsasən qeyri-neft-qaz sektoruna aid məhsullar yəni, meyvə və tərəvəz, konservlər, şərabçılıq məhsulları, tütün, pambıq ipliyi və s. ixrac olunur. Ümumiyyətlə, qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr sırasında Rusiya böyük fərqlə ilk yerdə dayanır. Belə ki, 2024-cü ildə ölkəmizdən qeyri-neft məhsulları üzrə ümumi ixracda şimal qonşumuzun payı 34,62 % təşkil edib ki, 2023-də bu rəqəm 33,28 %-ə bərabər idi. Rusiya Azərbaycan üçün yeganə ən böyük bazar sayılır. Məsələn, son üç il ərzində ölkəmizdən qeyri-neft məhsulları ixracı əməlli azalıb. Təbii ki, bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Ölkəmizdən qeyri-neft və qaz məhsullarının ixracının azalmasına zəmin yaradan məhz qeyd olunan müharibənin yaratdığı fəsadlar, konkret desəm eyni bazardan asılı olmağımız səbəbdir ki, bu, nə vaxtsa özünü ciddi şəkildə təzahür etdirməli idi. Odur ki, Rusiya ilə münaibətləri daima bir çərçivədə və ölçüdə saxlamaq lazımdır. Bu münasibətlərin bəlli bir tavanı və döşəmə həddi olmalıdır və bu həddləri dəlib deşməyə və yaxud sökməyə əsla yolverilməməlidir. Son hadisələr, ümumiyyətlə sərnişin təyyarəmiz vurulandan bəri isə aşkar görünür ki, buna sanki ciddi-cəhdlə çalışan qüvvələr var".
Səmayə Səftərova
