00:00:00
Yazar
Admin User
15.10.2025 09:16 180 2 dəq oxuma
İqtisadiyyat

Rusiya-Ukrayna müharibəsinin ABŞ-yə mənfi təsiri

Rusiya-Ukrayna müharibəsinin ABŞ-yə mənfi təsiri

 

Rusiya-Ukrayna müharibəsi Avropaya böyük sərmayə qoyan və gəlirləri Rusiyanın təcavüzü nəticəsində yaranan qeyri-müəyyənlikdən əziyyət çəkən Amerika şirkətlərinə mənfi təsir göstərir.

 

Bunu Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis deyib.

 

O qeyd edib ki, ABŞ şirkətləri üçün Avropa həm bazar, həm də strateji aktivlər mənbəyidir. Müharibə nəticəsində yaranan iqtisadi qeyri-sabitlik, enerji böhranı və təchizat zəncirlərindəki problemlər Amerika korporasiyalarının fəaliyyətini çətinləşdirib. Bundan əlavə, Avropanın müdafiə xərclərinin artması və Rusiya ilə gərginliyin dərinləşməsi ABŞ-nin xarici siyasət və investisiya maraqlarına da dolayı mənfi təsir göstərib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az”a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin hələ də davam etdiyi məlumdur:

 

 “Müharibənin başlanması qlobal iqtisadiyyatda da bir sıra ciddi dəyişikliklərə səbəb olub. Bu müharibə yalnız ABŞ, Avropa və Rusiya-Ukrayna məsələsi deyil, artıq zəncirvari şəkildə bütün dünyaya siyasi və iqtisadi təsir göstərməkdədir. İqtisadi durum xeyli çətinləşib. Çünki məlumdur ki, həm Rusiya, həm də Ukrayna bir sıra məhsulların əsas ixracatçı ölkələridir və bu ölkələrin iqtisadi aktivliyinin zəifləməsi dünya bazarlarında təchizat zəncirini pozub. Nəticədə müharibənin təsiri yalnız bu regionla məhdudlaşmayıb, digər ölkələrə də sirayət edib.

 

İlk təsirlərdən biri inflyasiyanın səviyyəsinin yüksəlməsi, qlobal miqyasda mal və xidmətlərin qiymətlərinin bahalaşması ilə müşahidə olunub”. 

 

Ekspert enerji və sənaye maraqlarının hansı dərəcədə zəiflədiyi ilə bağlı qeyd edib ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyalarından sonra bir çox ölkələr Moskva ilə ticarət əməkdaşlığında geri addım atıblar və alternativ bazarlara yönəliblər:

 

“Avropada, eyni zamanda Çində yerləşən bir çox nüfuzlu Amerika şirkətləri — kimya, avtomobil, sənaye və texnoloji avadanlıq sahələrində fəaliyyət göstərən istehsalçılar — Rusiyadan xammal və təchizat məhsulları idxal edirdilər. Müharibə və artan geosiyasi gərginlik bu şirkətlərin fəaliyyətinə mənfi təsir göstərib, onların istehsal proseslərində zərər yaranıb.

 

Burada söhbət yalnız Avropa şirkətlərindən getmir — Rusiyadan xammal alan Çin şirkətləri də bu vəziyyətdən mənfi təsirləniblər. Bundan əlavə, enerji təchizatı məsələsi də ciddi problemə çevrilib. ABŞ-nin təzyiqləri nəticəsində Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə əməkdaşlıqdan imtina edib və alternativ təchizat mənbələri axtarmağa başlayıblar.

 

Bir müddət ABŞ Avropaya enerji ixrac etməklə müəyyən gəlir əldə etsə də, bu proses Avropa bazarlarında istehsalın maya dəyərini yüksəldib və nəticədə qiymət artımı qaçılmaz olub”.

 

G.Hüseynova son olaraq açıqlamasına əlavə edib ki, ABŞ şirkətləri Avropadakı riskləri azaltmaq üçün yeni strategiyalar tətbiq etməyə başlayıblar:

 

“Bu strategiyalar əsasən istehsalın diversifikasiyası, yeni bazarlara çıxış, enerji asılılığının azaldılması və texnoloji innovasiyalara sərmayə yatırılması istiqamətində qurulub. ABŞ şirkətləri həmçinin Asiya və Yaxın Şərq bazarlarına marağı artıraraq Avropadakı riskləri balanslaşdırmağa çalışırlar”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər