Rusiya-Ukrayna müharibəsində sülh gündəliyi – Tərəflər danışıqlara hazırlaşır
1. Zelenskinin sülh təklifi danışıqlara keçid siqnalıdır
Rusiya-Ukrayna müharibəsində tərəflərin diplomatik danışıqlara keçməyə hazırlaşdığı görünür. Siyasi şərhçi Bəhruz Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin ABŞ-a sülh təklifləri təqdim etməsi tərəflərin müharibədən yorulduğunu və danışıqlar mərhələsinə keçməyə hazır olduğunu göstərir.
“Ukrayna-Rusiya müharibəsi kulminasiya mərhələsinə yaxınlaşır. Hər iki tərəf artıq yorğundur və Zelenskinin ABŞ-a etdiyi təklif, yəni sülh təklifi, düşünürəm ki, artıq yorğunluğun bir nümunəsidir. Yəni diplomatik danışıqlar mərhələsinə keçməyə hazırdır”.
Politoloqun fikrincə, mümkün danışıqlarda ilk növbədə atəşkəs və tərəflərin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilə bilər. Ərazi məsələsinin isə ən çətin mövzulardan biri olaraq qalacağı gözlənilir.
“Birinci şərt atəşkəsə nail olmaqdır, yəni atəşkəsin təmin olunması və hər iki tərəfin buna əməl etməsidir. İkincisi, təhlükəsizlik məsələsidir ki, hər iki tərəfin təhlükəsizliyi təminatı olmalıdır və biri digərinin təhlükəsizliyinə zamin durmalıdır. Üçüncü məsələ ərazi məsələsidir ki, bu, çox böyük bir müzakirəyə səbəb olan və həmişə suallar doğuran bir məsələdir".
Bəhruz Quliyev hesab edir ki, danışıqların gündəliyində Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması, Ukraynanın bərpası və humanitar məsələlər də mühüm yer tuta bilər. Onun sözlərinə görə, əsirlərin və meyitlərin dəyişdirilməsi kimi məsələlər də sülh prosesinin tərkib hissəsi olacaq.
“Dördüncü məsələ Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması və Ukraynanın bərpası məsələsidir. Hansı ki, şərtlərdə bu, xüsusilə iqtisadi maraq kəsb edən şərtlərdən biridir və hesab edirəm ki, bu şərt hər iki tərəf üçün vacibdir. Sözsüz ki, humanitar məsələlər də bu şərtlərin daxilində olacaq. Humanitar məsələlər, yəni əsirlərin dəyişdirilməsi, meyitlərin dəyişdirilməsi və sair”.
Siyasi şərhçi vurğulayıb ki, hazırkı mərhələ birbaşa sülh sazişindən daha çox ilkin danışıqlara keçidi ifadə edir. Onun fikrincə, tərəflərin razılığa gəlməsi üçün qarşılıqlı kompromislər qaçılmaz olacaq.
“Hesab edirəm ki, Zelenskinin addımı təkcə, belə deyək, birbaşa sülh deyil, sülh danışıqları fazasına keçiddir. Yenə deyirəm ki, hər iki tərəfi qaneedici formada sülhə nail olmaq olar. Amma bunlar ilkin danışıqlardır. Bu onu göstərir ki, hər iki tərəf danışıqlar fazasına keçməyə hazırdır”.
Mehriban Yariyeva