Rusiya və Azərbaycan enerji əməkdaşlığını müzakirə ediblər
Rusiya və Azərbaycan arasında keçirilən hökumətlərarası komissiyanın 23-cü iclasında elektrik enerjisi və neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Həmçinin enerji sistemlərinin sinxron işləməsi üçün birgə işlərin davam etdiyi bildirilib.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasında enerji əməkdaşlığının istiqamətləri çoxdur:
“Bu həm neft məhsullarının, həm qazın, həm elektrik enerjisinin alışıdır. Bizim 2025-ci ildə bir qədər idxalımız bu istiqamətlərdə azalıb. Müxtəlif dövrlərdə Azərbaycan Rusiyadan neft məhsullarının həm təbii qazın, enerji məhsullarının alışını həyata keçirib. Müzakirə olunur ki, bu sahələrdə əməkdaşlıq genişlənsin. Azərbaycan xam nefti satır. Çünki bizim neftayırma zavodlarımızın fəaliyyəti qənaətbəxş deyil, tələbatımıza uyğun məhsullar istehsal edə bilmirik. Benzinin 92 növü üzrə də öz tələbatımızı ödəyə bilmirik. Yəni, bu istiqamətdə işlərimiz məmnunedici deyil. Azərbaycanın qaz boru xətləri üzərindən Rusiya qazının Avropaya ixracı olsun. Çünki Rusiyadan qazı almağa sanksiyalar imkan vermir. Ona görə də bunun özü də bir imkanı ola bilər ki, əlavə qazanc yaratsın”.
Nərgiz Əzizli
