00:00:00
Yazar
Admin User
03.02.2026 17:21 131 4 dəq oxuma
Siyasət

Rusiya XİN xəbərdarlıq edib

Rusiya XİN xəbərdarlıq edib

Son açıqlamalarda Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Qərb ölkələrinin hərbi kontingentləri və ya obyektlərinin Ukraynada yerləşdirilməsi xarici müdaxilə kimi qiymətləndiriləcək. Bu xəbər yalnız region üçün deyil, həm də qlobal siyasət və təhlükəsizlik kontekstində əhəmiyyətlidir.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, vaxtaşırı Rusiyanın xarici işlər naziri faktiki olaraq Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək və ümumilikdə bu istiqamətdəki fəaliyyətlə bağlı çox kəskin fikirlər səsləndirir:

 

“Ən azından nəzərə alsaq ki, artıq dörd ildir müharibə gedir və bu dövrdə dəfələrlə Qərbin hərbi kontingentinin və ya hansısa obyektlərinin Ukrayna ərazisində fəaliyyətinin qurulması ilə bağlı fikirlər mediaya ötürülüb. Hətta bəzi ölkələr göstərdikləri hərbi dəstəklə yanaşı, təlimçilərin və hərbi mütəxəssislərin də bu prosesə cəlb olunması barədə məlumat veriblər. Lakin daha geniş kontekstdə hərbi kontingent və ya hərbi obyektlə bağlı məlumatları dərhal Rusiya çox kəskin qarşılayıb. Rusiya faktiki olaraq hansısa Qərb ölkəsinə məxsus hərbi kontingentin hərbi əməliyyatlarda iştirak edəcəyini əsas götürərək, həmin ölkənin hərbi obyektlərini potensial və ya legitim hədəf kimi göstərə biləcəyini bəyan edib. Bu, təbii ki, güc nümayişidir. Əgər söhbət Qərb ölkələrinə məxsus hərbi kontingentdən gedirsə, daha lokal səviyyədə instrukturların, məsləhətçilərin və ya mütəxəssislərin Ukrayna Silahlı Qüvvələrinin tərkibində bu və ya digər formada xidmət göstərdiyini bilirik. Bu barədə informasiya vaxtaşırı informasiya mühitində geniş yayılır. Burada həm muzdluların, həm də xarici ölkə vətəndaşlarının könüllü şəkildə hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı məlumatlar mövcuddur. Amma istənilən halda söhbət sistemləşdirilmiş kompleks hərbi dəstəkdən, yəni hərbi kontingent səviyyəsində silahlı qüvvələrin yeridilməsindən gedirsə, Qərb ölkələri bu məsələdə ciddi tərəddüd edirlər. Zamanında Fransanın legionunun hərbi kontingent qismində Ukrayna ərazisinə yeridilməsi, təkcə hansısa infrastrukturların qorunması deyil, hətta birbaşa cəbhə bölgəsində xidmət çəkməsi ilə bağlı fikirlərin səsləndirildiyinin şahidi olmuşuq. Lakin Rusiyanın kəskin etirazından sonra Fransanın bu fikrindən daşındığını da gördük. Bu onu göstərir ki, Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək müəyyən həddə qədərdir. Kontingentin yeridilməsi və ya hərbi obyektlərin açılması ilə bağlı məsələlər böyük ehtimalla hələlik sadəcə fikir səviyyəsindədir. Çünki bilirlər ki, belə olacağı təqdirdə Rusiya  daha sərt addımlar ata bilər”.

 

Deputat eyni zamanda bildirib ki, əgər söhbət NATO-ya üzv ölkələrin bu prosesdə iştirakından gedirsə və həmin ölkələr Rusiya üçün legitim hədəf kimi seçilərsə, bu, NATO-ya hücum kimi də dəyərləndirilə bilər:

 

“Belə olan halda Rusiya qarşısında NATO-nu görərik və bu, eskalasiyanın ən pik həddə çatdığını göstərən bir vəziyyət olar. Ona görə də düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsinin həll olunması və bu istiqamətdə danışıqların aparılması fonunda Qərbin belə sərt ritorika nümayiş etdirsin. Amma Rusiya bəzi prosesləri dəyərləndirərək bu məsələdə öz etirazını səsləndirməkdən çəkinmir və nəticə etibarilə müharibənin iki dövlət arasında aparıldığını görürük. Kursk vilayətində faktiki olaraq Rusiyanın Şimali Koreyadan gətirdiyi hərbi birləşmələrin hərbi əməliyyatlarda iştirak etdiyini də eşitdik. Hətta Kursk istiqamətində qazanılan uğurun məhz Şimali Koreyadan gətirilən hərbi birləşmələr sayəsində baş verdiyi bildirilir. Amma əgər söhbət konkret olaraq Ukrayna ərazisinə hərbi birləşmələrin yeridilməsindən gedirsə, hipotetik olaraq bu, regiondakı balansın Ukraynanın xeyrinə dəyişməsinə səbəb ola bilər. Lakin bu halda hərbi əməliyyatların miqyasının böyüməsi və Rusiya üçün Qərbdə yeni hədəflərin müəyyənləşdirilməsi məsələsi artıq praktiki müstəvidə reallaşa bilər. Bütövlükdə bu müharibənin kimin xeyrinə dəyişəcəyini söyləmək çətindir. Çünki söhbət hərbi kontingentdən və hərbi obyektdən gedirsə, bunu şərtləndirən bir sıra amillər mövcuddur. İstənilən halda diplomatik müstəvidə aparılan danışıqlar onu göstərir ki, hər iki tərəf müəyyən mənada müharibənin dayandırılmasında maraqlı olduğunu ifadə etməyə çalışır. Lakin tərəflərin şərtlərinin təxminən 90 faizi üst-üstə düşsə də, qalan 10 faiz kritik və mütləq şərtlərdir. Həmin 10 faiz üzrə razılıq əldə olunmadığı təqdirdə atəşkəsdən belə danışmaq mümkün deyil. Doğrudur, sülh müqaviləsinin imzalanmasına hələ çox var. Amma ona qədər atəşkəsin əldə olunması üçün tərəflər arasında hazırda diplomatik kanallar vasitəsilə aparılan danışıqlar müəyyən müsbət nəticələrlə başa çatsa, hərbi əməliyyatların müəyyən qədər səngidiyini görə bilərik. Lakin hazırda döyüş meydanındakı vəziyyət diplomatik müstəvidəki proseslərdən tamamilə fərqlidir. Amansız döyüşlər gedir, Kupyansk, Baxmut və digər istiqamətlərdə şəhərlər uğrunda mübarizə aparılır və bu proseslər gün ərzində böyük itkilərlə müşayiət olunur".

 

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər