00:00:00
Yazar
Ayan Sadi
27.08.2026 23:09 330 2 dəq oxuma
Dünya

Rusiyadan İngiltərəyə açıq təhdid: Hərbi obyektlər hədəfə alına bilər

Rusiyadan İngiltərəyə açıq təhdid: Hərbi obyektlər hədəfə alına bilər

 

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Britaniya istehsalı silahlarla Rusiya ərazisinə təşkil etdiyi hücumlara cavab olaraq, Ukraynadan kənarda yerləşən Britaniyanın hərbi obyekt və texnikasının da hədəfə alına biləcəyini bildirib. Zaxarova NATO hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi ehtimalını da onların “qanuni hərbi hədəfə” çevriləcəyi səbəbilə qəbuledilməz adlandırıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik mətbuat konfransında gündəmdə olan məsələlərlə bağlı açıqlamalar verib.

 

Zaxarova Fransa, İngiltərə və Almaniyanın Ukrayna məsələsində gərginliyi artırdığını vurğulayaraq deyib:

 

“London və Paris Ukraynaya müəyyən hərbi sistemlərin verilməsi barədə qərar qəbul etməklə ərazimizə təşkil olunan hücumlara görə özlərini məsuliyyətdən kənarda göstərməyə çalışırlar. Bu, nəticə verməyəcək. Paris, London, Berlin və digər ölkələr terror hücumlarına görə birbaşa məsuliyyət daşıyırlar”.

 

İngiltərənin 2023-cü ildən etibarən Ukraynaya “Storm Shadow” qanadlı raketləri göndərdiyini bildirən Zaxarova Londonun bu raketlərin istehsalı üçün zəruri məlumatları Kiyevə təqdim etməyi planlaşdırdığına diqqət çəkib.

 

Zaxarova Ukrayna ordusunun sözügedən raketlərlə Rusiya ərazisinə zaman-zaman hücumlar təşkil etdiyini qeyd edərək bildirib:

 

“Ukraynanın Rusiya ərazisinə Britaniya silahları ilə həyata keçirdiyi hücumlara cavab olaraq, Ukraynada və ölkə xaricində yerləşən Britaniyanın hərbi obyektləri və texnikası hədəfə alına bilər. Ölkəmizin mülki əhalisinə qarşı hərbi cinayətlər törədənlər layiqli şəkildə cəzalandırılacaqlar”.

 

İngiltərənin Ukraynadakı müharibədə iştirak etdiyini vurğulayan Zaxarova London administrasiyasını Rusiyaya qarşı aqressiv yanaşmadan imtina etməyə çağırıb.

 

NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi ehtimalına münasibət bildirən Zaxarova deyib:

 

“Ukraynada xüsusi hərbi əməliyyatın davam etdirilməsinə və uzunmüddətli həll yolunun əldə olunmasına mane olacaq xarici qüvvələrin yerləşdirilməsi qətiyyən qəbuledilməzdir. Bu qüvvələr qanuni hərbi hədəfə çevriləcəklər”.

 

Finlandiya Prezidenti Aleksandr Stubbın Ukraynanın Rusiya infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə hücumlarının Rusiya üçün müharibənin maliyyətini artırdığı və bunun dəstəklənməli olduğu barədə açıqlamasını da dəyərləndirən Zaxarova bildirib:

 

“Əgər Stubb mülki obyektlərə və mülki şəxslərə qarşı hücumları haqlı hesab edirsə, o, terrorçudur”.

 

Zaxarova Finlandiya və digər dost olmayan ölkələrin heç bir düşmənçilik xarakterli addımının cavabsız qalmayacağını, Rusiyanın milli maraqları çərçivəsində onlara ölçülü cavab veriləcəyini vurğulayıb.

 

Mariya Zaxarova Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanovun Rusiya və Ukrayna nümayəndə heyətlərinin sentyabr ayında görüşə biləcəyi barədə açıqlamasına da münasibət bildirib.

 

“Bunu təsdiqləyə bilmərəm. Kiyevin açıqlamalarının bir çoxu mediada effekt yaratmaq məqsədilə verilir. Ukraynadan böhranın həlli ilə bağlı yeni təklif daxil olmayıb”, – deyə Zaxarova bildirib.

 

Ukrayna ordusunun Zaporojye Atom Elektrik Stansiyasına və yaxınlıqdakı Enerqodar şəhərinə hücumlar təşkil etdiyini bildirən Zaxarova Kiyev administrasiyasını nüvə şantajında ittiham edib.

 

“Kiyev administrasiyası nüvə şantajı həyata keçirir, Avropanın və bütün dünyanın təhlükəsizliyini riskə atır”, – deyə Zaxarova qeyd edib.

 

 

Mənbə: HABER GLOBAL

 

Süsən Mərdalıqızı

#azərbaycan #yeni #bilər #hərbi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər