“Rusiyanı ayaqda tutan Hindistan və Çindir”
The Times: Avropa hər il Rusiyadan 1 milyard avro dəyərində neft və qaz alır
Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il yarım keçməsinə baxmayaraq Avropa İttifaqı (Aİ) ölkələri hər ay Rusiyadan milyardlarla avro dəyərində neft və qazı almağa davam edir.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, müharibə başlayandan bəri Rusiyanın Avropa Birliyinə enerji ixracı xeyli azalıb:
“Rusiyanın Ukraynaya təcavüzündən öncə Rusiya Avropa Birliyinin qaz ehtiyyatının az qala 1/3-ni təmin edib. Avropa bazarında əsasən də, “Şimal axını 1”, “Şimal axını 2”, “Dostluq kəməri” layihələri vasitəsilə Ukrayna və Polşa ərazisindən keçən kəmərlər yolu ilə 170-180 kub metr qaz satırdı. Bu çox ciddi bir rəqəmdir. İndi isə bu təqribən 5-6 dəfə azalıb, amma Avropanın elə ölkələri var ki, Rusiyanın nefti və qazından çox asılıdır. Məsələn Macarıstan və Slovakiya “Dostluq kəməri” vasitəsilə Rusiyadan neft alırlar. Həmin ölkələrin dənizə çıxışı olmadığı üçün onlar başqa ölkələrdən tankerlər vasitəsilə neft ala bilmirlər, hətta onun daşınması çox baha başa gəlir. Ona görə də bəzi ölkələr hələ də Rusiyadan neft və qaz almağa davam edirlər. Bu da təbii ki, Rusiyanın gəlirlərini artıran faktorlara çevrilir, lakin Avropa istiqamətində gəlirləri azalıb. Rusiyanı ayaqda tutan Hindistan və Çindir. Hər iki ölkəyə neft və qaz satılır. Hindistana daha çox neft satılır, amma Çin həm neft, həm də qaz alır. Avropa tamamilə neft-qaz alışlarını dayandırsa belə Çin və Hindistan bu yöndə heç bir addım atmasa Rusiyanın gəlirlərinə mənfi təsiri az olacaq. Düzdür müəyyən təsirləri olacaq, amma əsas alıcıları Hindistan və Çin olduqlarına görə Avropa Birliyi birincisi texniki olaraq tamamilə imtina edə bilmir. Ən azından yaxın 1-1,5 il alternativlər tapılana qədər imtina edə bilməyəcək. İmtina etsə belə, yenə də Çin və Hindistan Rusiyanın valyuta gəlirlərinin təmin olunmasında ciddi rol oynayacaqlar”.
Aytac İbrahimova
