Şəhər əhalisinin yaşayışı üçün minimum əməkhaqqı nə qədər olmalıdır?
Son illər ərzaq, nəqliyyat, kommunal xidmətlər və kirayə qiymətlərinin artması şəhər əhalisinin gündəlik yaşayış xərclərini daha da yüksəldib. Xüsusilə Bakı kimi böyük şəhərlərdə vətəndaşlar mövcud minimum əməkhaqqının ailə büdcəsini tam qarşılamaq üçün yetərli olmadığını bildirirlər.
Mövzu ilə bağlı açıqlamasında Xəyal Əzimov bildirib ki, hazırkı minimum əməkhaqqı şəhərdə yaşayan insanların gündəlik ehtiyaclarını tam qarşılamaq üçün kifayət etmir:
"Qiymətlərin artması insanları daha çox qənaət etməyə məcbur edir. Məncə, normal yaşayış üçün minimum əməkhaqqı ən azı 800-1000 manat civarında olmalıdır ki, insanlar həm əsas xərclərini ödəyə, həm də rahat dolana bilsinlər".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində, bizdə bu məsələlər bir neçə vaxtdır müzakirəyə çıxarılır:
"Yeni əmək haqqı hesablama qaydaları və yaxud da minimum əmək haqqının hesablama qaydaları, saatlıq əmək haqqının hesablanması və.s kimi bu tipli təkliflər səsləndirilir. Amma əsas məsələ yaddan çıxır sanki. Əsas məsələ odur ki, bizdə əmək haqqları, ümumiyyətlə, çox aşağıdır. Bizdə əmək haqqı alanların tam yarısı hardasa 570-580 manata qədər maaş alır. Yəni bu statistika çox zaman ya açıqlamır, ya da heç diqqətdən kənarda qalır. Bax, bizdə əsas məsələ budur və təbii ki, şəhərdə yaşayanların xərci daha çox olur belə baxanda. Amma biz kənd camaatına bunu desək, onlar da deyəcəklər ki, bizim də kommunal xidmətlərə kifayət qədər çox xərcimiz çıxır. Bakıda iki otaqlı evdə yaşayır kimsə, məsələn, qaz pulu az verir. Amma kənddə, rayonlarda, kənd evlərində böyük qızdırıcı qurğulara ehtiyacı var.Sahə böyükdür. Onlar beş qat, dörd qat hətta daha çox kommunal xərc ödəyirlər. Onlara da onda o zaman haqsızlıq olar. Ona görə də, bizdə şəhər kənd bölgüsündən daha çox əmək haqqının həcminin artırılması yolları ilə bağlı müəyyən işlər görülməlidir".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mail Yaqub isə bildirib ki, ümumiyyətlə şəhər həyatının xərcləri ağırdır:
"Bəzi ehtiyaclar görərək yaranır. Yəni şəhər həyatında siz daha çox əmtəə görürsünüz. Misal üçün, şəhərdə parklar var, restoranlar var rayonda, kənddə, amma o qədər də yoxdur. Sən o restoranları görürsənsə, orda pul xərcləmək ehtiyacı da səndə yaranır. Şəhər həyatının xüsusiyyəti budur. İndi bu müxtəlif ailələr üçün spesifikdir. Bu xərclərə konkret xərc deyə bilmərik. Burada ümumi xərclər bəllidir hamıya. Amma xərclərin, iqtisadi amilin, ümumiyyətlə, ailə münasibətlərinə şübhəsiz təsiri var və boşanmaların bir hissəsinin əsas səbəbi sosial-iqtisadi səbəblərdir. Buna heç kimin şübhəsi olmasın. Yəni ailələrdə olan yoxsulluq kişinin, misal üçün, tənbəlliyi, çalışmaması və xərcləri ödəyə bilməməsi, laqeydliyi boşanmalara səbəb ola bilir. Ona görə şəhər həyatını seçən insanlar bunun bədəlini də ödəməlidir. Yəni şəhər həyatının xüsusi spesifik qaydaları var. Burda xərclər ağırdır. Burda daha çox çalışmalısan, işləməlisən və.s. Bütün bunlar ailə büdcəsinə xüsusi təsir edən amillərdir".
Aişə Mustafayeva