Şəhərdə reklam lövhələri problemi necə həll olunur?
Şəhər mühitində reklam lövhələrinin və elanların yerləşdirilməsi ilə bağlı problemlər son vaxtlar daha çox müzakirə olunur. Bir sıra hallarda şəxslər və müəssisələr müvafiq icazə almadan öz iş yerlərini və xidmətlərini reklam məqsədilə müxtəlif lövhə və elan vasitələri ilə şəhərin ictimai məkanlarında yerləşdirirlər. Bu isə həm şəhər estetikası, həm də qanunvericilik baxımından suallar doğurur və mövcud qaydaların icrası məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Hüquşünas Səməd Vəkilov bildirib ki, reklamlardan qanunsuz istifadə edilməsi kütləvi hal alıb:
“Beləki, şəhərin mərkəzi küçələrində bir çox yerlərdə xarici dillərdə reklamlar yerləşdirilir. Bu isə Azərbaycan Respublikasında dövlət dili haqqında qanunun 7-ci maddəsində nəzərədə tutulan normaya ziddir.
Maddədə deyilir: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.
Əlavə olaraq Vəkil bildirib ki, lakin təəssüflə qeyd etməliyik ki, bu norma ciddi şəkildə pozulur:
“Bundan başqa müvafiq icazə olmanda reklamların yerləşdirliməsi hallarında rast gəlirik. Azərbaycan Respublikasının İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2-ci maddəsinə əsasən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir”.

Səadət Əlizadə