Şəhərləri ekoloji və sosial baxımdan dayanıqlı etmək üçün nə lazımdır?
Müasir dövrdə şəhərləri həm ekoloji, həm də sosial baxımdan daha dayanıqlı etmək üçün yaşıl infrastrukturun genişləndirilməsi, düzgün şəhərsalma və insanların rahat yaşayışına yönələn layihələr əsas prioritetlərdən sayılır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, dayanıqlı şəhərlərdə ictimai nəqliyyat, piyada hərəkəti və velosiped infrastrukturu üçün rahat şərait yaradılır:
"Şəhərlərin ekoloji və sosial baxımdan dayanıqlı inkişafı həm ölkə iqtisadiyyatı, həm də əhalinin rifahı üçün mühüm əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə bu istiqamətə ciddi diqqət ayrılır. İnkişaf etməkdə olan ölkələrdə isə bəzi hallarda plansız urbanizasiya sonradan enerji itkisi, vaxt sərfi, ekoloji problemlər və sosial narahatlıqlarla nəticələnir. Şəhər infrastrukturu elə qurulmalıdır ki, enerji və resurs xərcləri minimuma ensin. Bu baxımdan, yol və nəqliyyat sisteminin düzgün planlaşdırılması vacibdir. Son dövrlər Bakıda yol infrastrukturunda edilən bəzi dəyişikliklərin nəqliyyat axınını uzatdığı, bunun isə əlavə yanacaq sərfiyyatı, vaxt itkisi və hava çirkliliyinə səbəb olduğu bildirilir. Şəhər planlaşdırılarkən avtomobil deyil, insan mərkəzli yanaşma əsas götürülməlidir. Dayanıqlı şəhərlərdə ictimai nəqliyyat, piyada hərəkəti və velosiped infrastrukturu üçün rahat şərait yaradılır. Bu yanaşma həm insanların sağlamlığına, həm də şəhərin ümumi yaşayış keyfiyyətinə müsbət təsir göstərir. Avropanın bir çox şəhərində artıq insan yönümlü modelə keçid sürətlənib. Məsələn, Hollandiyada velosiped və piyada infrastrukturu əsas prioritetlərdən biridir".
Ekspert qeyd edib ki, yaşıl şəhər modelləri səhiyyə xərclərini azaltmaqla yanaşı, insanların vaxtına, enerjisinə və xərclərinə qənaət edir:
" Hava çirkliliyinin azalması, nəqliyyat sıxlığının minimuma enməsi və şəhərdə mobilliyin artması həm iqtisadi, həm də sosial baxımdan fayda verir. Bununla yanaşı, belə şəhərlər turistlər və investorlar üçün daha cəlbedici olur. Yaşıl şəhər layihələrinin həyata keçirilməsi ilkin mərhələdə yüksək maliyyə tələb etsə də, uzunmüddətli perspektivdə bu investisiyalar iqtisadiyyata geri qayıdır. Xüsusilə, Bakı kimi ekoloji və dayanıqlı infrastrukturun az olduğu şəhərlərdə bu istiqamətdə qoyulan investisiyaların daha səmərəli olduğu vurğulanır. Azərbaycanda dayanıqlı şəhər modelinin formalaşması üçün yaşıl nəqliyyatın inkişafı, enerji səmərəli tikinti standartlarının tətbiqi, yaşıl maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi vacibdir. Bununla yanaşı, ölkədə regional inkişaf balansının qorunması və yükün yalnız Bakının üzərinə düşməməsi də əsas məsələlərdən biri hesab olunur".
Səmayə Səftərova