Səmaya qalxdı, amma geri qayıtmadı: Amelia Earhartın müəmmalı taleyi
Amerikalı pilot Amelia Earhart aviasiya tarixinin ən məşhur qadınlarından biri olub. O, qadınların aviasiyada iştirakının məhdud olduğu bir dövrdə əldə etdiyi uğurlarla bir çox maneələri aşaraq adını tarixə yazdırıb. Earhart 1932-ci ildə Atlantik okeanını təyyarə ilə təkbaşına keçən ilk qadın pilot kimi tanınıb.
Onun aviasiyaya marağı gənc yaşlarından başlayıb. İlk uçuş təcrübəsindən sonra pilot olmağa qərar verən Earhart qısa müddətdə bu sahədə özünü inkişaf etdirib, müxtəlif uçuşlar həyata keçirərək diqqət çəkib. 1928-ci ildə Atlantik okeanını təyyarə ilə keçən ilk qadınlardan biri kimi tanınsa da, həmin uçuşda pilot deyil, sərnişin olub. Dörd il sonra isə o, eyni marşrutu təkbaşına keçərək daha böyük uğura imza atıb. Bu nailiyyət onun beynəlxalq miqyasda tanınmasına səbəb olub.
Earhart bununla kifayətlənməyərək yeni rekordlar qırmağa və aviasiyanın imkanlarını genişləndirməyə çalışıb. O, qadınların pilotluq sahəsində daha fəal iştirakını təşviq edib, müxtəlif uçuş layihələrində yer alıb və cəsarəti ilə dövrünün qadınları üçün ilham mənbəyinə çevrilib. Onun əsas məqsədlərindən biri dünyanı təyyarə ilə dövrə vurmaq idi. Bu, həm şəxsi rekord, həm də aviasiya tarixində mühüm nailiyyət olacaqdı.
1937-ci ildə Amelia Earhart naviqatoru Fred Noonanla birlikdə dünya turuna çıxıb. Uzun məsafəli uçuşun böyük hissəsini geridə qoyan ikili Sakit okeanı keçərək Howland adasına çatmağa çalışıb. Lakin həmin il iyulun 2-də uçuş zamanı onların təyyarəsi ilə əlaqə kəsilib. Son radio məlumatlarında yanacağın azaldığı və Howland adasının tapılmasında çətinlik çəkdikləri bildirilib. Bundan sonra təyyarədən heç bir xəbər alınmayıb.
ABŞ hökuməti itkin düşən pilotların tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı həyata keçirib. Dəniz və hava qüvvələrinin iştirakı ilə aparılan axtarışlara baxmayaraq, nə təyyarənin qalıqları, nə də Earhart və Noonanın izləri aşkarlanıb. Əməliyyatlar nəticəsiz başa çatdıqdan sonra onların taleyi uzun illər müzakirə mövzusuna çevrilib.
Hadisə ilə bağlı bir neçə ehtimal irəli sürülür. Ən geniş yayılmış versiyaya görə, təyyarə yanacağı tükəndikdən sonra Sakit okeana düşüb. Digər ehtimallardan biri Earhart və Noonanın Nikumaroro adasına enərək orada sağ qalmağa çalışmalarıdır. Bəzi iddialara görə isə onlar Yaponiya qüvvələri tərəfindən əsir götürülə bilərdilər. Lakin bu versiyaların heç biri indiyədək konkret sübutlarla təsdiqlənməyib.
Amelia Earhartın yoxa çıxması aviasiya tarixinin ən böyük müəmmalarından biri olaraq qalır. Onun həyatı cəsarət, əzm və sərhədləri aşmaq iradəsinin simvoluna çevrilsə də, son uçuşunun necə başa çatdığı hələ də məlum deyil. Earhartın taleyinə aydınlıq gətirmək üçün aparılan araşdırmalar bu gün də davam edir.
Gülnar Mustafayeva