"Səni çox sevirəm" demədən də sevmək mümkündür
Günümüzdə hamı bir-birini çox sevir. Nə gözəl dünyadır, elə deyilmi? Amma bir problem var: hamı sevirsə, bəs, kimin sevgisi həqiqidir?
Çünki "səni çox sevirəm" demək elə də çətin deyil. Cəmi üç sözdür, deyib keçirsən. Amma elə cümlələr var ki, onları demək üçün insanın içində həqiqətən, nəsə olmalıdır. Məsələn, “sənin üçün darıxmışam”. Bu, sıradan bir cümlə deyil. Bunun arxasında səni xatırlamaq, yoxluğunu hiss etmək, birlikdə keçirdiyiniz vaxtları düşünmək var. Xüsusilə, bunu sizə bir kişi deyirsə, vəziyyət daha da maraqlı olur. Çünki bəzi kişilər “darıxmışam” yazmaqdansa, üç saat telefona baxıb “nə yazım?”,-deyə düşünməyi daha asan hesab edirlər. Amma nəhayət, yazırsa, deməli, yoxluğun onun həyatında hiss olunub və bundan gözəl nə ola bilər? İnsan üçün darıxılması, əslində, onun varlığının qiymətli olduğunun ən səmimi göstəricilərindən biridir.
Bir də belə bir cümlə var: “ən pis anımda belə məni güldürməyi bacarırsan". Bax, bu artıq münasibətin keyfiyyət göstəricisidir. Çünki yaxşı əhvalda hər kəslə gülmək olar. Əsas məsələ insanın kefinin olmadığı, hər şeydən bezdiyi, heç kimlə danışmaq istəmədiyi vaxtda belə üzündə təbəssüm yarada bilməkdir. Bəzən bir münasibəti xilas edən uzun-uzadı romantik mesajlar yox, vaxtında deyilmiş sözlər olur. Hətta, bəzən “ay, sən də lap dəlisən e!” cümləsi “Səni çox sevirəm”dən daha çox şey ifadə edir. Bu da danılmaz bir gerçəkdir ki, sevginin olduqca qəribə tərəfləri də mövcuddur. Məsələn, insanın sevgilisinin qoxusuna vurulması.
Bu kimi şeyləri adətən, filmlərdə görmək mümkündür. Belə ki, qadın başını sevgilisinin sinəsinə qoyur, kişi də onun saçlarını oxşayır, qoxusunu içinə çəkir. Romantik musiqi, zəif işıq, hər şey yerli-yerində. Amma zarafat bir yana, insanın sevdiyi adamın, qadının qoxusunu sevməsi çox xüsusi hissdir. Çünki qoxu yaddaşda qalır. İnsan uzaqda olanda belə hansısa qoxu qəfil onu yadınıza sala bilər. Bax, sevgi bir az da budur. Amma bütün bu romantik cümlələrin içində bir ifadə var ki, ilk baxışdan adamın ağlına “bunun sevgi ilə nə əlaqəsi var?” sualını gətirir: “gəl, iki dilim nəsə yeyək”. İlk baxışdan heç romantik görünmür, elə deyilmi? Nə gül buketi var, nə şam işığı, nə də fonda sevgi mahnısı. Amma bir az düşünəndə bunun da öz romantikası ortaya çıxır. Çünki sevgiliniz sizinlə yemək yemək istəyir. Sizinlə vaxt keçirmək istəyir. Hətta pəhrizini sizinlə birlikdə pozmağa belə hazırdır. Üstəlik, yanınızda o qədər rahatdır ki, “Gəl, iki dilim nəsə yeyək”,-deyə bilir. Bəzən sevgi məhz bu rahatlıqdır. Çünki münasibət yalnız “canım”, “sevgilim”, “həyatım” sözlərindən ibarət deyil.
İnsan hər dəfə “səni çox sevirəm” deməyə bilər. Hətta, bəzən bu söz o qədər çox təkrarlanır ki, öz təsirini də itirir. Amma bir insanın davranışlarında sevgi varsa, bu üç sözə ehtiyac qalmır. Çünki həqiqi sevgi çox vaxt səs-küylə gəlmir. Özünü nümayiş etdirmir. Bəzən sakitcə yanınızda oturur, bəzən sizi güldürür, bəzən darıxır, bəzən qoxunuzu sevir, bəzən də sizinlə nəsə yemək istəyir. Ona görə də əsas məsələ söylənən sözün nə qədər romantik səslənməsi deyil. Əsas məsələ o sözü deyənin ürəyində nə qədər həqiqət olmasıdır.
Ürfət Mirzəyev