Sözün və vətənin mühafizi-Mirzə İbrahimov
28 oktyabr Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri, yazıçı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun doğum günüdür. O, yalnız bir qələm sahibi deyil-o, xalqın səsi, dövrün güzgüsü, sözün vicdanı idi.
Mirzə İbrahimov 1911-ci ildə anadan olub. Uşaqlığı kasıb və zəhmətkeş bir ailədə keçsə də, onun qəlbi və düşüncəsi zəngin idi. Həyatın çətinlikləri onu sınmayıb, əksinə, xalqını daha yaxından duymağa və insan talelərini dərinliklə anlamağa öyrədib. Elə buna görə də onun hər əsərində bir sadə insanın böyük dünyası yaşayır.
“Böyük dayaq”, “Pərvanə”, “Həyat” kimi əsərləri təkcə ədəbi nümunə deyil, həm də xalqın mübariz ruhunun təcəssümü idi. O, insanları ədalətə, səmimiyyətə, vətən sevgisinə çağırıb. Mirzə İbrahimov üçün yazı masası sadəcə bir yer deyil-orası vicdanın tribunası, sözün döyüş meydanı idi.
O, həm də ictimai-siyasi həyatda fəal iştirak edən, Azərbaycan dilinin dövlət dili kimi qorunması uğrunda cəsarətlə çıxış edib. Bu, onun yalnız yazıçı yox, milli düşüncəli ziyalı olduğunun parlaq sübutudur.
Bu gün biz onun adını çəkəndə, əslində bir nəsil vicdanını, bir xalqın yaddaşını yada salırıq. Çünki Mirzə İbrahimovun adı ədəbiyyat tariximizin səhifələrində sadəcə bir müəllif kimi deyil, mənəvi dirənişin simvolu kimi yaşayır. Sözlər onun qələmi ilə işıq tapıb. İndi hər dəfə bir kitab vərəqlənəndə, bir tamaşa səhnəyə qoyulanda, bir gənc yazıçı xəyallarını yazıya köçürəndə-haradasa, səssizcə Mirzə İbrahimovun ruhu pıçıldayır:
“Yaz, çünki söz millətin yaddaşıdır".
Banuçiçək Məmmədova
