Sözlə yaşanan ömür: Əhməd İsayev xatırlanır
Bəzi insanlar yaşadıqları dövrdə danışır, bəziləri isə getdikdən sonra. Əhməd İsayev məhz ikinci qəbildən idi. Onun səsi bu gün yazılarında, düşüncələrində və ən əsası-jurnalistikaya yanaşmasında yaşayır. Anım günləri təkcə xatırlamaq üçün deyil, həm də özümüzə sual vermək üçündür: biz onun sözə yanaşdığı məsuliyyəti bu gün qoruyuruqmu?
Əhməd İsayev üçün jurnalistika informasiya ötürmək olmayıb. O, sözü daşımayıb, çəkməyib. Hər cümlənin arxasında vicdan, hər mövzunun içində insan dayanıb. Yazmaq onun üçün nə karyera, nə də populyarlıq vasitəsi idi. Yazmaq mövqe idi. Risk idi. Cavabdehlik idi.
Bu gün xəbər çoxdur, amma söz azdır. Sürət var, amma dərinlik çatmır. Məhz bu nöqtədə Əhməd İsayevin irsi daha aydın görünür. O, səssiz qalmağın rahatlığını yox, danışmağın məsuliyyətini seçənlərdən idi. Hər mövzunu yazmaq olmazdı, amma yazılan mövzu yarımçıq da olmamalı idi-onun jurnalist etikası belə idi. Əhməd İsayevin yazılarında pafos yox idi, amma mövqe var idi. Kəskinlik yox idi, amma həqiqət var idi. O, qışqırmadan da deməyi bacaran qələm sahiblərindən idi. Bu günün səs-küylü media mühitində, bəlkə də, ən çox ehtiyac duyulan məhz bu keyfiyyətdir: səssiz, amma təsirli söz. Onun yoxluğu təkcə bir jurnalistin itkisi deyil. Bu, sözə məsuliyyətlə yanaşan bir düşüncə məktəbinin itkisidir. Ancaq məktəblər insanlar getdikdən sonra da yaşaya bilər-əgər onları oxuyan, anlayan və davam etdirənlər varsa.
Bu gün Əhməd İsayevin anım günüdür. Amma onu anmaq sadəcə bir tarixi xatırlamaq deyil. Onu anmaq -sözə hörmət etməkdir. Yazını vicdanla yazmaqdır. Susmaq daha rahat olanda belə, doğru sözü demək cəsarətini itirməməkdir.
Əhməd İsayev bu cəsarətin adıdır!
Banu Məmmədova
