Sözlərin bitdiyi yerdə musiqi danışır
Günümüzdə demək olar ki, hər yaşdan insan musiqi dinləyir, ondan zövq alır. Bəziləri sadəcə bir məşğuliyyət kimi musiqi dinləyərkən, bəziləri musiqiyə gerçəklikdən qaçış yolu kimi baxır. Xüsusilə, gənclər gündəlik problemlərdən, neqativ hadisələrdən, bəzən də ümumiyyətlə insanlardan uzaq olmaq məqsədilə musiqiyə müraciət edirlər.
Mövzu haqqında psixoloq Sevinc Həbibova "İnformator.az" a açıqlamasında bildirib ki, musiqi sakitləşdirici bir vasitə kimidir:
"İnsanlar gerçəklikdən qaçış yolu axtaranda, insanlardan uzaq qalmaq istəyəndə musiqiyə sığınır. Təbii ki, bu hər kəs üçün keçərli deyil, amma çox insanlar musiqidən zövq alır, onunla sakitləşir. Bəzən insanlar bir-birinə deyə bilmədikləri sözləri musiqidə tapırlar. Sanki musiqi vasitəsilə özlərini ifadə edirlər. Xüsusilə xalq musiqisi insana doğmalıq hissi verir, beyini və ruhu sakitləşdirir. Kimisi kitab oxuyaraq, kimisi isə musiqi ilə rahatlıq tapır. Musiqi, xüsusilə gənclər üçün bir ümid yeri kimi görünə bilər. Elə insanlar var ki, musiqi dinləyərkən ağlayır, amma bu da onların içindəki yükü boşaltmalarına səbəb olur. Yəni musiqi - rahatlaşdırıcı, duyğuları tənzimləyən bir vasitədir. Gənclərimiz, yaşlı nəslimiz, əgər musiqi onlara rahatlıq verirsə, onu dinləsələr yaxşı olar. Hər kəsin zövqü fərqlidir, amma musiqi çox vaxt insanı aqressiyadan çəkindirir, onu sakitləşdirir".
Mələk Nəsirli
