Sülh, Təhlükəsizlik və Qayıdış
Qərbi Azərbaycan Xronikasının analitik süjetində 2026-cı ilin Qərbi Azərbaycana qayıdış prosesinin real mərhələyə keçəcəyi il ola biləcəyi bildirilir. Vaşinqton anlaşmalarından sonra sülh sazişinin icrası, regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikintiyə başlanması gözlənilir. ABŞ rəsmilərinin İrəvana səfərləri bu proseslə əlaqələndirilir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, 2026-cı ilin Qərbi Azərbaycana qayıdış prosesinin real mərhələyə keçə biləcəyi il kimi təqdim olunması Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda diqqətəlayiqdir:
"Vaşinqton anlaşmalarından sonra sülh sazişinin icrasına keçid, regional kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikintinin başlanması ehtimalları göstərir ki, proses artıq deklarativ səviyyədən praktik mərhələyə doğru irəliləyir. Birinci növbədə, ABŞ-nin prosesdə fəallaşması Rusiya və İran faktoruna birbaşa təsir göstərir. Vaşinqtonun regionda artan diplomatik aktivliyi Moskvanın ənənəvi vasitəçi və təhlükəsizlik təminatçısı rolunu nisbi şəkildə zəiflədir. Rusiya hazırda Ukrayna müharibəsi səbəbindən resurs və diqqət baxımından məhdudlaşdığı bir mərhələdə Cənubi Qafqazda əvvəlki dominant mövqeyini qorumaqda çətinlik çəkir. ABŞ-nin təşəbbüsləri bu boşluğu qismən doldurur və sülh prosesini Rusiya mərkəzli formatdan çıxarmağa yönəlir. İran üçün isə Zəngəzur dəhlizi məsələsi daha həssasdır. Tehran bu dəhlizi özünün şimal-cənub kommunikasiyalarına və regional tranzit roluna potensial risk kimi görür. ABŞ-nin prosesdə iştirakı İranın narahatlığını artırır, çünki bu, həm də Qərbin İranın sərhədlərinə yaxınlaşması kimi qəbul olunur. İkinci aspekt Azərbaycan-Ermənistan münasibətlərində bu prosesin hansı mərhələyə işarə etməsidir. Əgər sülh sazişinin icrası və kommunikasiyaların açılması praktik müstəviyə keçərsə, bu, postmünaqişə dövrünün formal başa çatması və normallaşmanın institusional mərhələsinə keçid deməkdir. Bu mərhələ artıq yalnız müharibənin nəticələrinin təsdiqi deyil, uzunmüddətli əməkdaşlıq mexanizmlərinin qurulmasını nəzərdə tutur. Ermənistan üçün bu, regional təcriddən çıxmaq, Azərbaycan üçün isə strateji təşəbbüslərin reallaşması mərhələsidir.Üçüncü olaraq, Qərbi Azərbaycana qayıdış regional güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu proses yalnız humanitar və hüquqi məsələ deyil, eyni zamanda siyasi və demoqrafik təsir gücünə malik faktordur. Qayıdışın beynəlxalq hüquq və sülh çərçivəsində gündəmə gəlməsi Azərbaycanın regional mövqelərini gücləndirir, Ermənistan daxilində isə yeni reallıqlara uyğunlaşma zərurəti yaradır. Bu, Cənubi Qafqazda uzun müddət birtərəfli narrativ üzərində qurulmuş status-kvonu köklü şəkildə dəyişə bilər. Nəhayət, ABŞ-nin Zəngəzur dəhlizində maraqları daha geniş geosiyasi məqsədlərə xidmət edir. Bu dəhliz Vaşinqton üçün təkcə Azərbaycanla Naxçıvan arasında əlaqə deyil, Orta Asiyadan Avropaya uzanan alternativ enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyini təmin edən strateji xəttdir. ABŞ bu yolla Rusiyanın tranzit monopoliyasını zəiflətmək, İranı regional layihələrdən kənarda saxlamaq və Avrasiyada Qərbə inteqrasiya olunmuş yeni iqtisadi-siyasi arxitektura formalaşdırmaq niyyətindədir. Ümumilikdə, 2026-cı il həqiqətən də Qərbi Azərbaycana qayıdış və regional transformasiya baxımından həlledici mərhələ ola bilər. Bu prosesin uğuru isə böyük ölçüdə beynəlxalq güclər arasında balansın necə qorunacağından və regional aktorların yeni reallıqlara nə dərəcədə rasional yanaşacağından asılı olacaq".
Mövzu ilə bağlı Media eksperti və Bakı Dövlət Universitetinin müəllimi Nəmənd Rüstəmovunda fikirlərini aldıq, Reallıqda baş verənlərə baxanda, bu məsələnin hələ də çox ağlabatan olduğu təəssüf ki, inandırıcı görünmür:
"Birincisi, müharibədən cəmi beş-altı il keçib. Ermənistanda yaşayan ermənilər monoetnik Ermənistanda azərbaycanafobiya və türkfobiya mövcuddur. Digər tərəfdən, hələ ki, müharibə və onun yaraları hər iki tərəf üçün də yenidir. Amma Azərbaycanın bir üstünlüyü var. Ölkəmizin çox güclü və uğurlu xarici diplomatiyası mövcuddur. Aparılan xarici siyasət çox önəmlidir. Bütün diplomatik platformalarda fantastik görünə biləcək uğurlar qazanırıq və Azərbaycan Ermənistanı danışıqlara getməyə, necə ki, “Qarabağ Azərbaycandır!” cümləsi ilə barışmağa məcbur edib. O cür də Azərbaycan Ermənistanı hər şeyə məcbur etmək gücündədir. Sadəcə burada kənar faktorları da nəzərə almaq lazımdır. Azərbaycan və Ermənistan arasında sülh danışığının baş tutmasını istəməyən regional güclər mövcuddur. Açıq-aşkar Rusiya və İrandır. Bu faktorlar da önəmlidir. Rusiya həm Azərbaycanda, həm də Ermənistanda ictimai-siyasi vəziyyətdəki sabitliyi pozmaq cəhdlərində görünür və təbii ki, 2026-cı ildə də buna cəhd edəcək. Ona görə də dezinformasiya cəhdləri olacaq. Tikinti ilə bağlı prosesləri Paşinyan neçə illərdir deyir, hələ ki, sözdən əmələ keçmək mərhələsi qərarlaşmayıb. Hələlik sözdə hər şey deyilir, əməldə isə nəticələr təəssüf ki, bizi sevindirmir. Qərbi Azərbaycana qayıtmaq nə qədər realdır? Və ya təhlükəsizlik nə qədər realdır? Təbii ki, daha rasional qərar vermək lazımdır. Türkiyədə də Ermənistana qarşı yumşalma cəhdləri mövcuddur. Cənab prezidentin son yeni il təbrikində və geniş müsahibəsində bu məsələyə toxunub. Zəngəzur dəhlizi açılmalıdır. Fərqindəyik ki, artıq Ermənistanla iqtisadi əlaqələrin bərpası yönündə ciddi addımlar atılıb. Bunlar da töhfəsini verməyə bilməz. Sadəcə olaraq, Ermənistanın daxilindəki ictimai və siyasi vəziyyət qeyri-sabit olduğundan, faktiki olaraq, hazırda Ermənistanda baş nazir Paşinyanla din xadimləri arasında ciddi qarşıdurma mövcuddur. Bu məsələlər həssaslığını qoruduğundan bir az daha ehtiyatlı olmaq lazımdır".
O, həmçinin bildirib ki, Qərbi Azərbaycan istər genetik olaraq ora bağlı olanlarda, istərsə də Azərbaycanı sevən azərbaycanlılar üçün həssas mövzudur:
“Tarix elə gətirib ki, biz hazırda orada yaşaya bilmirik, amma sülh bərqərar olsa, məmnuniyyətlə hamı ora gedəcək. Ölkə rəhbərinin də çıxışında dediyi kimi, heç olmasa ata-baba yurdlarını ziyarət etmək, əcdadlarımızın məzarlarını ziyarət etmək zəruridir. Bu proses artıq başlayıbsa və prezidentin bununla bağlı iradəsi və sistemli fəaliyyəti varsa, nəticəsini görəcəyik. Cənab Prezident deyib ki, bizim heç kəsin torpağında gözümüz yoxdur. Biz də ölkəmizin yürütdüyü xarici və daxili siyasəti dəstəkləyirik. O torpaqlarla əlaqəni itirmək olmaz. Yəni gedib o gözəl, səfalı yerləri görmək, ən azı turist kimi ziyarət etmək çox xoş olar. Amma reallıqlar var və onlar da nəzərə alınmalıdır; bütün addımlar situasiyaya uyğun atılmalıdır. Bütün bu Qərbi Azərbaycan icmasının fəaliyyəti də heç nəyin unudulmaması yönündədir və davamlı formada aparılmalıdır".
Sosioloq Yusif Nəbiyevdə mövzu ilə bağlı öz fikirlərini bizimlə bölüşüb, qayıdış məsələsində əsas psixoloji baryer kollektiv travma və qarşılıqlı etimadsızlıqdır:
"Bu bir reallıqdır ki, toplumlar keçmişi təkcə xatırlamır, onu daim yenidən yaşayırlar və bu yaddaş qorxu, qisas və “biz-onlar” bölgüsünü möhkəmləndirir. Otuz ilə yaxın davam edən bu münaqişə də hər iki tərəfin zehnində qarşı tərəfi təhlükə mənbəyi kimi kodlayıb. İndi birdən-birə normal qonşuluq əlaqələrinə keçmək, yumşaq desək, psixoloji möcüzə tələb edir. O baxımdan Qayıdışın sosial gərginlik yaratması kifayət qədər real ssenaridir. Luis Kozerin məşhur "Münaqişə Nəzəriyyəsi" göstərir ki, məkan, resurs və ya status üzərində üst-üstə düşən iddialar olduqda sosial qarşıdurma qaçılmaz olur. Bu qayıdış fonunda da insanlar təkcə evlərinə yox, həm də öz itirilmiş “simvolik ərazilərinə” qayıdırlar və bu, yerli icmalarla yeni gələnlər arasında rəqabət hissini qaçılmaz edir. Bəzi insanlar bu prosesi sanki sadə köç əməliyyatı kimi görür, amma bu tamamilə yanlış yanaşmadır. Əslində, bu, iki fərqli kollektiv yaddaşın, iki fərqli "tarixi ədalət" anlayışının eyni məkanda toqquşmasıdır. Əgər bu mərhələdə psixososial adaptasiya üçün dialoq və icma əsaslı barış proqramları həyata keçirilməsə qayıdış fiziki olaraq baş tutsa belə, sosial olaraq yarımçıq qalacaq".
Ayşən Səlimova
