00:00:00
Yazar
Zəhra Həsənova
05.05.2026 20:48 22 2 dəq oxuma
Siyasət

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş təsdiqlənib

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş təsdiqlənib

Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı əlavə saziş təsdiqlənib. Prezident İlham Əliyevin imzaladığı qanuna əsasən, sənəd forumun təşkilati və maliyyə məsələlərini əhatə edir. Saziş 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanmışdı və Bakının beynəlxalq şəhərsalma platformasına ev sahibliyi etməsi üçün hüquqi baza yaradır.

 

Mövzu ilə bağlı deputat Tural Gəncəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında əldə olunan razılaşmaya əsasən, Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək:

 

“Bu, BMT-nin nəzdində təşkil olunan çox önəmli, dünya səviyyəli bir tədbirdir və bununla bağlı saziş 2026-cı il yanvarın 15-də imzalanıb. Azərbaycan bu foruma ev sahibliyi edəcək. Forumun keçirilməsi şəhərsalma sahəsində yeni yanaşmaların ölkəyə gətirilməsi baxımından əhəmiyyətlidir. Hazırda dünyada urbanizasiya prosesi, xüsusilə, elmi-texniki tərəqqi, yüksək texnologiyalar, süni intellekt və rəqəmsallaşmanın inkişafı ilə ciddi şəkildə dəyişir. Şəhərsalma metodları və təfəkkürü yenilənir, müasir texnoloji ‘know-how’ üsulları tətbiq olunur. Bu baxımdan forumun Azərbaycanda keçirilməsi yeni ideyaların, kreativ düşüncələrin və sahə üzrə ekspertlərin bir araya gəlməsi deməkdir”.

 

Deputat vurğulayıb ki, bu proses Azərbaycanın şəhərsalma siyasətinə də təsir göstərir: 

 

“Artıq bu yeni metodları ağıllı texnologiyaların tətbiqi ilə Qarabağda və Şərqi Zəngəzurda həyata keçiririk. Ümid edirəm ki, bu yanaşmalar Bakıda da geniş tətbiq olunacaq. Paytaxtın yeni baş planı da məhz müasir texnologiyaların və kreativ yanaşmaların tətbiqini zəruri edir. Bu tədbirdən sonra urbanizasiya sahəsində yeni tətbiq modelləri ilə qarşılaşa bilərik. Ağıllı şəhərlər, piyada yönümlü urban mühit, ictimai nəqliyyatın təşviqi kimi yanaşmalar ön plana çıxacaq. Məqsəd şəxsi avtomobillərdən imtina deyil, alternativ nəqliyyat vasitələrinin - ictimai nəqliyyatın, velosipedlərin və digər vasitələrin istifadəsinin artırılmasıdır. Bu yanaşmalar həm də ekoloji baxımdan əhəmiyyətlidir - təmiz şəhər və sağlam mühit konsepsiyasına uyğundur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr artıq beynəlxalq diqqət cəlb edir. Bu ərazilərdə qurulan ağıllı şəhər və kənd modelləri dünya üçün nümunədir. Hesab edirəm ki, Azərbaycanın bu innovativ yanaşmaları da BMT və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib və nəticədə forumun 2026-cı ildə Bakıda keçirilməsi qərara alınıb. Bu baxımdan tədbirin olduqca önəmli olacağına inanıram”.

 

Fatimə Hüseynli

#wuf13-lə #yeni #saziş #təsdiqlənib #bağlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər