Dubayda raket təhlükəsi xəbərdarlığı
Dubayda raket təhlükəsi elan edilib. BƏƏ Daxili İşlər Nazirliyi raket təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
BƏƏ sakinlərinə potensial raket zərbələri təhlükəsi ilə əlaqədar sığınacaq axtarmaq tövsiyə olunub.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə hərbi gərginliyin artması müharibənin yenidən genişlənmə ehtimalını gücləndirir:
“Yaxın Şərq savaşının yenidən bərpa olunma təhlükəsi kifayət qədər artmış kimi görünür. Çünki son məlumatlara görə İran Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, bir neçə körfəz ölkəsinə zərbə endirib və bu da regionda hərbi gərginliyin daha da artmasına səbəb olub. Təbii ki, BƏƏ İranın əsas hədəfləri sırasında olan bir dövlətdir və bu ölkəyə atəşkəs elan edilmədən əvvəl də bir neçə dəfə zərbə endirilib. İndi bu zərbənin təkrarlanması və yeni zərbə ehtimalının olması barədə məlumatların doğurduğu narahatlıq Yaxın Şərqdə situasiyanın yenidən gərginləşməkdə olduğunu göstərir.
Belə anlaşılır ki, Yaxın Şərqdə savaşın yenidən bərpa olunma ehtimalı indi tamamilə ciddidir. Hərbi qarşıdurma risklərinin artdığı müşahidə olunur. Əgər bu proses eynilə davam edərsə, hərbi zərbələrin intensivliyi artarsa və zərbə endirilmiş ölkələrin sırası genişlənərsə, o zaman Yaxın Şərq savaşının öz arealını genişləndirdiyini düşünmək olar. Bu halda böyük ehtimalla, Yaxın Şərq savaşı daha genişmiqyaslı savaş modelinə keçə bilər”.

Lalə Qurbanlı