Süni intellekt: Həyat tərzi yoxsa alışqanlıq?
Gündəlik həyatımızda çox vaxt fərqinə varmadan yanından keçdiyimiz ekranlar, ağıllı sistemlər əslində səssiz-səmirsiz bizimlə birgə yaşayır. Süni intellekt artıq yalnız filmlərdəki uzaq gələcək deyil - o, hər gün toxunduğumuz kart terminallarında, istifadə etdiyimiz telefonlarda, hətta yolumuza işıq salan smart lampalarda gizlənir. Biz hara gediriksə, AI da bizimlə addımlayır. Bəzən bir köməkçi, bəzən bir müşahidəçi kimi.
Mövzu ilə əlaqədar ekspert Elvin Abbasov bildirib ki, süni intellektin həyatımıza bu səssiz inteqrasiyası gələcək 5-10 ildə daha aydın və daha təsirli şəkildə hiss olunacaq:
“İnsanların gündəlik fəaliyyəti getdikcə daha çox avtomatlaşdırılacaq fərdiləşdirilən xidmətlər, intellektual tibbi diaqnostika, ağıllı nəqliyyat və tam inteqrasiya olunan ev sistemləri həyat keyfiyyətini fərqli bir mərhələyə daşıyacaq. İnformasiya axını daha dəqiq filtrasiya olunacaq, iş prosesləri daha optimallaşdırılmış şəkildə idarə ediləcək və bəzi peşələr transformasiya olunaraq yeni bacarıqlar tələb edəcək. Yəni süni intellekt insanın yerini tam tutmaqdan yox, onun imkanlarını genişləndirərək gündəlik qərarverməni daha səmərəli etməyə doğru inkişaf edəcək. Bu transformasiyanın ən böyük riski insanın öz məlumatları üzərində nəzarəti itirməsidir. AI sistemlərinin topladığı, emal etdiyi və öyrəndiyi məlumatlar doğru idarə olunmadıqda, həm mahremiyyət, həm də təhlükəsizlik baxımından yeni çağırışlar ortaya çıxır. Digər risk insanların kritik düşünmə vərdişlərinin zəifləməsi və texnologiyaya həddindən artıq etibar etməsidir. Əgər süni intellekt etik çərçivələr, şəffaflıq və güclü təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmazsa, bu güc həm fərdi məlumatların sui-istifadəsinə, həm də ictimai rəyə təsir kimi yaxşı idarə olunmayan sahələrə keçə bilər. Buna görə də süni intellektin inkişafı yalnız texnoloji deyil, eyni zamanda sosial, hüquqi və etik məsuliyyət tələb edən bir prosesdir”.
Ev tapşırıqlarını həll edərkən çox vaxt süni intellektə müraciət edən İntiqam Abdullazadə bildirib ki, ev tapşırıqlarında yalnız başa düşmədiyim məqamlar olanda öyrənmək üçün Aİ-dən istifadə edirəm:
“Bir sözlə, AI mənim üçün sadəcə bir alətdir. Bu bir yenilikdir və qlobal yarışda bu yeniliyi ilk anlayıb tətbiq edənlər həmin yarışda üstünlük qazanıb qalib gələ bilərlər. Bayaq qeyd etdiyim kimi, AI bir alət rolunu oynayır və bunu düzgün dərk etmək lazımdır. AI özlüyündə sadəcə alqoritmlər toplusudur yalnız insan tərəfindən istifadə edildikdə real məna kəsb edir. Uzun sözün qısası, nəticə istifadəçidən asılıdır”.
İşlərini əsasən özü etməyi sevən Aydan Yunusova ev tapşırıqlarını adətən özü etməyə üstünlük verir. O deyir ki, araşdıraraq və düşünərək öyrənmək məlumatı daha yaxşı yadda saxlamağa kömək edir:
“Amma vaxtım az olduqda AI-dən istifadə edirəm, bu isə mənə böyük kömək edir, çünki araşdırmağa saatlarla vaxt sərf etmək lazımdır”.
Səadət Əlizadə
