Süni intellekt iş yerlərini ələ keçirəcək?
Süni intellekt texnologiyalarının sürətlə inkişafı bir çox sahələrdə avtomatlaşmanı artıraraq əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər bəzi peşələrin yox olmasına, bəzilərinin isə tamamilə transformasiya olunmasına gətirib çıxara bilər.
Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev "İnformator.az"a açıqlamasında bildirib ki, daha az təkrarlanan işləri ehtiva edən və ya yaradıcılıq tələb edən ixtisaslar isə süni intellektin dağıdıcı təsirindən daha az təsirlənirlər:
"Süni intellektin əmək bazarına təsiri ən çox rutin və standartlaşdırılmış işlərdə özünü göstərir. Mühasibatlıq, "Call Center", media monitorinqi, hətta jurnalistikanın belə bəsit “copy-paste” hissəsi sıradan çıxmağa başlayıb və bu tendensiya daha da sürətlənəcək. İşin təəccüb doğuran yönü budur ki, hələ də bu prosesi “gözlənilməz gələcək” kimi müzakirə edilir. Halbuki bu "gələcək" artıq çoxdan başlayıb. Daha az təkrarlanan işləri ehtiva edən və ya yaradıcılıq tələb edən ixtisaslar isə süni intellektin dağıdıcı təsirindən daha az təsirlənirlər. İnsan münasibətinə, empatiyaya, kontekst oxuma bacarığına və ya etik qərarın verilməsinə söykənən sahələr, yəni psixoloqlar, sosioloqlar, müəllimlər, sosial işçilər, strateqlər, liderlər, siyasətçilər bu tendensiyadan daha az zərər görəcəklər. O baxımdan, müasir dövrdə texniki bilik və bacarıqlardan daha çox, düşünmə tərzi, sosial bacarıqlar və situasiyanı anlama qabiliyyətləri ön plana çıxır. Nəticədə, süni intellekt hesablama maşınıdır. O hesablamalara məna qazandıran, onu praktiki hala gətirən yenə də insan mühakiməsidir. Bu səbəblə, bacarıqlar qazanmaq üçün insanlar yalnız texniki kurslara yox, tənqidi düşünmə, sistemli analiz və öyrənmə, yeniliklərə adaptasiya ola bilmə, gələcəyi görə bilmə, trend analizi kimi bacarıqlara fokuslanmalıdırlar. İnsan süni intellektlə yarışmamalıdır, onunla işləməyi bacarmalıdır. Dövlət və özəl sektor isə bu transformasiyanı gecikmiş reaksiya ilə deyil, proaktiv siyasətlə qarşılamalıdır. Süni intellekt bir dalğadırsa, o dalğadan qaçmamalı ya da önünə sədd çəkməyə çalışılmamalıdır. Tam tərsinə, o dalğa ilə mübarizə aparmaq lazımdır. Əks halda bu dalğa ona qarşı hazırlıqsız olan hər kəsi və hər qurumu önünə qataraq sürüməyə başlayacaq. Necə ki, artıq bir müddətdir sürüməkdədir".
Səmayə Səftərova
