“Süni intellekt yoxsulluğu bitirəcək” - İlon Mask
“Tesla”, “SpaceX” və “xAI” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-Səudiyyə İnvestisiya Forumunda çıxışı zamanı süni intellekt və insanabənzər robotların yaxın gələcəkdə böyük inqilab yaradacağını bildirib. O, bu texnologiyaların yoxsulluğu aradan qaldıra biləcəyini vurğulayaraq, 10–20 il ərzində işin insanların seçimindən asılı hala gələcəyini deyib. Mask həmçinin süni intellekt və robot texnikasındakı davamlı inkişaf fonunda pulun gələcəkdə əhəmiyyətini itirəcəyini qeyd edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki , süni intellekt və robot texnikası ilk olaraq təkrarlanan, standartlaşdırılmış və yüksək həcimli işləri əvəz edəcək:
“ İstehsalat və logistika robotlaşdırma artıq bu sahədə standartlaşır. Müştəri xidmətləri və zəng mərkəzləri. Generativ süni intellekt artıq çox böyük hissəni əvəz edə bilir. Sual-cavab, texniki dəstək, bilet sorğuları, bank sorğuları kimi işlər AI daha effektiv edir.
Avto pilot rejimi ilə idarə olunan maşınlar, dronlar və avtonom çatdırılma sistemləri bu sahədə insan əməyini ciddi şəkildə azaldacaq. Kontent yaradılması, reklam optimallaşdırılması, vizual dizayn və hətta video istehsalı süni intellekt tərəfindən icra oluna bilir. Bu sahədə işin xarakteri dəyişəcək, tam yox olmayacaq. İnsanlar əsasən işin kreativ tərəfində olacaq. Əksər dövlətlər süni intellektin nə qədər sürətlə inkişaf etdiyini hələ də tam qiymətləndirə bilmir. Hazır olmama səbəblərindən biri isə süni intellektin inkişaf sürətidir. Hazır olmadıqları əsas mövzular: qanunvericilik və süni intellekt ilə bağlı tənzimləmələr. Bir çox ölkələrdə süni intellekt üçün vahid hüquqi çərçivə yoxdur. Məsuliyyət, müəlliflik hüququ, etik risklər, təhlükəsizlik standartları hələ tənzimlənməyib.
Dünyada təhsil hələ də "köhnə peşələrə" hazırlayır. Süni intellekt dövrü üçün lazım olan bacarıqlar tədris edilmir. Yəni süni intellektləri artır amma onları doğru istifadə etməyi bacaran insanların sayı isə azdır. Kütləvi avtomatlaşma gələcəkdə işsizliyin yeni formalarını yarada bilər. Yenidən ixtisaslaşma proqramları kimi mexanizmlər yoxdur. Bu mövzuda addımlar atılmadığı halda işsizlik arta bilər, çünki özəl şirkətlər robot həllərinin daha sərfəli olduğunu gördüyü halda mənfəəti artırmaq üçün bu texnologiyaya keçid edəcək.
Günümüzün ən aktual mövzusu olduğunu düşünürəm. Fərdlər süni intellekt alətləri ilə necə davranmağı bilmədiyi halda dələduzluq məqsədi ilə istifadə edənlərin qurbanı ola bilər. Ümumi süni intellektin (AGI) ortaya çıxması yəni AI yalnız konkret tapşırığı yox, insan kimi geniş düşünmə, qərarvermə və uyğunlaşma bacarığına sahib olmalıdır. Avtonom robotların ucuz və geniş istehsalı insanabənzər robotların real iqtisadi dəyər yaratması üçün onların kütləvi və sərfəli istehsalı lazımdır. Enerji istehsalında sıçrayış robotların böyük miqyasda istifadəsi üçün daha ucuz, davamlı və yüksək güclü data texnologiyaları tələb olunur. Universal gəlir sistemi, avtomatlaşdırılmış istehsal modelləri, robot vergisi və ya yeni iqtisadi mexanizmlər tətbiq edilməlidir ki, AI-nin yaratdığı sərvət bütün cəmiyyətə paylansın.
İlon Mask birbaşa süni intellekt modellərinin formalaşması prosesində marağı olan biridir. Onu gələcəyi yazanlardan biri adlandırmaq olar. Bu səbəbdən süni intellekt və robot sistemlərinin inkişafı ilə bağlı hər zaman müsbət fikirlər bildirməsi çox normaldır. İqtisadi biliklərimə əsasən deyə bilərəm ki, yoxsulluq çox vaxt resursun az olması deyil, onun bərabər paylaşılmamasından qaynaqlanır. Dünyada isə rəqabət hec bir zaman dayanmayıb. Ölkələr, şirkətlər, komandalar hətta fərdlər belə rəqabət halındadır. Rəqabətdə üstün olmaq üçün resurs çox önəmlidir”.
Ədilə Hüseynzadə
