Süni şəxsiyyət kabusu başlayır
Böyük Britaniyalı alimlər süni intellekt çatbotları üçün ilk elmi cəhətdən təsdiqlənmiş şəxsiyyət test sistemini yaradıblar. Nəticələr göstərir ki, modellər insan şəxsiyyətinin xüsusiyyətlərini imitasiya edir və individuallıq (fərdi xüsusiyyətlər) formalaşdırır.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında ekspert Elvin Abbasov bildirib ki, Böyük Britaniyalı alimlərin süni intellekt üçün hazırladığı şəxsiyyət testləri, rəqəmsal dünyanın artıq sadəcə kodlardan deyil, "rəqəmsal xarakterlərdən" ibarət olacağını göstərir:
“Çatbotların bu dərəcədə inandırıcı imitasiya qabiliyyəti Transformer arxitekturası və İnsan rəyi ilə gücləndirilən öyrənmə (RLHF) alqoritmlərinin birbaşa nəticəsidir. Bu texnologiyalar sistemə sadəcə məlumatı emal etməyi deyil, həm də insanların dil vərdişlərini, emosional tonlarını və reaksiya modellərini kopyalamağı öyrədir. Bu proses maşının şüur qazanması deyil, statistik ehtimalların insan xarakterinə yüksək dəqiqliklə uyğunlaşdırılması kimi qiymətləndirilməlidir. Süni şəxsiyyətlərin formalaşdığı bu ekosistemdə məlumatların qorunması artıq seçim deyil, kritik zərurətdir. Modellər fərdiləşdikcə istifadəçilərin psixoloji portretini, gizli meyllərini və emosional boşluqlarını yadda saxlama riski daşıyır. Bu təhlükənin qarşısını almaq üçün Diferensial Məxfilik (Differential Privacy) metodları tətbiq edilməli, sistem fərdi məlumatları deyil, yalnız ümumi davranış paternini mənimsəməlidir. Məlumatların anonimləşdirilməsi və şifrələnməsi ən yüksək səviyyədə təmin edilməsə, bu süni şəxsiyyətlər gələcəkdə kiber-fırıldaqçılıq və manipulyasiya üçün təhlükəli silaha çevrilə bilər. Gələcəkdə fərdi süni intellekt xarakterlərinin inkişafı İT sahəsini "əmrdən dialoqa" prinsipi ilə köklü şəkildə dəyişəcək. Proqram təminatı artıq soyuq bir alət deyil, istifadəçinin iş üslubuna adaptasiya olan bir rəqəmsal tərəfdaş funksiyasını yerinə yetirəcək. Lakin bu inkişaf proqramçılardan həm də etik mühəndislik tələb edir. İT sahəsində çalışanlar artıq yalnız kodun sürətinə və funksionallığına deyil, həm də yaratdıqları alqoritmlərin insana təsirinə və onun qərarlarını manipulyasiya etmə ehtimalına görə məsuliyyət daşıyırlar”.
Səadət Əlizadə
