Sürücüsüz avtomobillər hələ insan təfəkkürünü əvəz edə bilmir
Sürücüsüz avtomobillər bütün dünyada sürətlə yayılmağa başlayıb. Bu yenilik nəqliyyatın təhlükəsizliyi və idarə olunması ilə bağlı bir sıra suallar yaradır.
Uzun illərdir Tesla sürücüsü olan Leyla Şamoyeva “İnformator.az”a açıqlamasında qeyd edib ki, elektrik maşın sürərkən çətinliklər olur:
“Bunlardan ən böyüyü batareyanı hesablamaqdır. Çünki bu faizlə göstərir və ona uyğun məsafə getmək üçün adaptasiya olmaq lazımdır. Əvvəl elə fikirləşirdim ki, 20 faizlə heç bir yerə getmək olmur və batareyaya qoşmaq lazımdır. Hətta qabaqlar şarj yerlərini belə bilmirdim. Digər çətinlik isə “Avto Pilotun” olmasıdır. Bu yoldakı zolaqları tam oxuya bilmir. Amma vaxt keçdikcə, bunları öyrənəndə daha rahat olur”.
Avtomobil ustası Rövşən Quliyevın sözlərinə görə, Tesla elektrik sisteminə görə adi maşınlardan fərqlənir:
“Ona görə də diaqnostika daha dəqiq aparılmalıdır. Əsas nasazlıqlar adətən batareya blokunda və sensorlarda olur. Amma düzgün qulluq ediləndə Tesla həm səssiz, həm də çox qənaətcil işləyir. Gələcəkdə elektrik nəqliyyatının daha da artacağını görürəm və buna uyğun ixtisaslaşmaq vacibdir".
Nəqliyyat eksperti Aslan Əsədov sürücüsüz avtomobil ideyasının 90-cı illərdən olduğunu vurğulayıb:
“Bunun reallaşmamasının səbəblərindən biri də texnologiyanın sürətlə inkişaf edə bilməməsidir. Sürücüsüz avtomobillərin idarə edilməsi “yüksək gps” və koordinat tərtib etmə cihazlarına malik olan ölkələrdə bu sistem sınaqdan keçirilir. Amma bu kütləvi şəkil ala bilmir. Bunun başlıca səbəbi alqoritmlərin idarə edilə bilməməsidir. Alqoritmlər nəqliyyat vasitəsini idarə edən zaman real insan təfəkkürünün qərarlarını qəbul edə bilmir. Çində, Avropada, Amerikada bununla bağlı sınaqlar olur. Müəyyən dərəcədə nailiyyətlər də əldə olunur. Bu uzunmüddətli deyil. Çünki bu şəhərdaxilində və yaxud tıxaclı yollarda öz səbəbini itirir. Çünki o ara məsafəsini təyin edə bilmir. Bu da nəqliyyatım tez-tez dayanmasına səbəb olur. Bununla bağlı “Tesla şirkəti” müəyyən işlər görüb.Teslanın hətta bir sınaq çəkilişləri və reklamı olub. Çində bununla bağlı rəqabətə yönümlü addım atıb. Amma bu da öz effektini verə bilməyib”.
Nuray Əliyeva
