Sürətli həyat
Müasir insan hər gün harasa tələsir: daha çox işləməyə, daha tez uğur qazanmağa, hər şeyə dərhal çatmağa çalışır. Bu sürətin içində isə ən çox itirilən şey insan münasibətləridir. Söhbətlər qısalır, diqqət bölünür, dinləmək yerini sadəcə cavab vermək tutur. İnsanlar bir-birinə daha tez toxunur, amma daha az bağlanır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, hər kəs öz həyatı ilə məşğuldur:
“Biz buna sürətli zaman desək, daha düzgün olar. Zaman sürətlə irəliləyir. Bunun səbəbini alimlər izah edə bilərlər. Dünyada baş verən qloballaşma, ekoloji hadisələr, təbii fəlakətlər və digər səbəblər ola bilər. İstər ailə həyatında, istərsə də iş həyatında zamanın sürətini hiss edirik. Biz zamanın üzərində dayanmalıyıq. Son zamanlarda baş verən ekoloji hadisələr göstərir ki, sanki inkişafda olan məsələlərə bariyer qoyur. Bunun insan həyatına da böyük təsiri var. Sosial şəbəkələrin zamanın sürətinə təsirini səbəb gətiririk. Hər şey insanın mənafeyi üçün olmalıdır. Bu da insanın mənafeyinə mənfi təsir göstərməmiş olmur. Zamanın sürətlə keçməsi, hətta insanlar arasındakı ünsiyyətə mane olur. Zaman azlığı ünsiyyəti parçalayır. Onlar arasında soyuqluq yaradır. Bizim vaxt, zaman azlığından şikayətlənməyimiz təbiidir. Dərin əlaqələr qurmaq istədiyimizdə zaman qıtlığı bizi geri salır. Bu da münasibətlərə mənfi təsir edir. Sosial şəbəklərin də zaman qıtlığına təsiri böyükdür. Sosial şəbəklərdə uzun zaman keçirirlər və birdən ayılırlar ki, uzun müddət sosial şəbəkələrdə olublar. İşlərin həll olunmasına mane olur. Zaman haqqında ciddi fikirləşməliyik”.
Banu Məmmədova
