Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
“Gənclərlə, gənclər üçün” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi oktyabrın 12-dən 16-dək Ucar rayonunda fəaliyyət göstərib.
Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin məşğulluq, təhsil, rəqəmsal texnologiyalar, innovasiyalar və digər sahələr üzrə imkan və xidmətlərə çıxışını genişləndirməkdir.

Ucarda keçirilən açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Aidə Qəhrəmanova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev gənclərin hərtərəfli inkişafının əhəmiyyətini vurğulayıb, layihənin onların şəxsi və peşəkar inkişafına verdiyi töhfədən danışıblar.
Beş gün davam edən proqram çərçivəsində gənclər vətənpərvərlik, təhsil və karyera, rəqəmsal düşüncə, fiziki aktivlik və sağlamlıq, yaradıcılıq və əyləncə zonalarında təşkil olunan vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda iştirak ediblər.

Bununla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici sessiyalar keçirilib. Təlimlərdə ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellektin yaratdığı imkanlar və sağlam həyat tərzi mövzuları müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan layihə noyabr ayınadək davam edəcək.
Layihə çərçivəsində cari il ərzində Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı, Salyan və Kürdəmirdə də tədbirlər keçirilib.
Elmira Ağayeva