Saatlının bu kəndləri içməli su ilə təmin olunub
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.
Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Mollavazlı kəndinin mövcud su şəbəkəsinin genişləndirilməsi məqsədilə uzunluğu 7 km su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 350-yə çatdırılıb.
