Sabah taksi minik avtomobillərinin sürücüləri üçün test imtahanı keçiriləcək
Məlumata görə, imtahanın məqsədi sürücülərin yol hərəkəti qaydaları, təhlükəsizlik normaları və sərnişindaşıma mədəniyyəti üzrə biliklərini yoxlamaqdır. Yoxlamadan keçən sürücülər fəaliyyətlərini davam etdirmək üçün tələb olunan sertifikatı əldə etmiş olacaqlar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Bulud Bağırov bildirib ki, taksi sürücülərinə bu təlim keçən ildən başlayıb və lazımdır çünki, onların çoxusunun ali təhsili, bəzilərinin bəlkə də tam orta təhsili belə yoxdur:
"Türkiyədə və bir sıra xarici ölkələrdə taksi sürücüləri o status alması üçün həm dil bilməsi, həm də həmin şəhərin yollarını tam öyrənməli, bizdə keçən imtahandan qat-qat çətin imtahandan keçəndən sonra sükan arxasına əyləşə bilirlər. Ona görə də test imtahanı həm taksi sürücülərinə həm də yaşdan asılı olaraq bütün sürücülərə aid edilməlidir.
Mözvu ilə bağlı açıqlamasında piyada Duyğu Mustafayeva bildirib ki, biz piyada olaraq yola çıxanda ən çox istədiyimiz şey özümüzü güvəndə hiss etməkdir:
"Əgər sürücülər bu imtahandan keçib qaydaları daha yaxşı mənimsəyəcəklərsə, bu bizim üçün böyük rahatlıq deməkdir. Çünki biləcəyik ki, sükan arxasında əyləşən adamlardan çoxu artıq piyada keçidlərinə daha ciddi yanaşacaq, sürəti düzgün seçəcək və ümumiyyətlə, yolda bizə diqqətlə yanaşacaq. Belə olanda, hətta ən adi küçəni keçmək belə daha stresssiz olur. İnsan özünü qorxmadan, tələsik qaçmadan, “görəsən, maşın saxlayacaq?” deyə düşünmədən rahat keçə bilir. Məncə, bu imtahan piyada olaraq bizim təhlükəsizliyimizə və rahatlığımıza bir addım da olsa müsbət təsir göstərir".
Mövzu ilə bağlı açıqlamasında sürücü Müsənnif Quliyev bildirib ki, bu test imtahanı ilk baxışda bir az əlavə çətinlik kimi görünür, amma əslində sürücülər üçün böyük üstünlüklər yaradır:
"Sürücü imtahandan keçəndə həm öz biliklərinə bir daha əmin olur, həm də yol hərəkəti qaydalarını daha dərindən mənimsəyir. Bu isə real vəziyyətlərdə qəfil manevr, çətin hava, sıx hərəkət daha düzgün qərar verməyə kömək edir. Üstəlik, belə imtahanlar insanı daha məsuliyyətli edir. Sürücü anlayır ki, təkcə maşını idarə eləmir, eyni zamanda sərnişinin həyatına və rahatlığına cavabdehdir. Peşəkarlıq artdıqca həm müştərinin inamı yüksəlir, həm də sürücünün özü yolda daha sakit, daha özünə güvənli olur. Bu da həm qazanca, həm xidmət keyfiyyətinə, həm də ümumi təhlükəsizliyə müsbət təsir edir".
Aişə Mustafayeva
