“Sabahı görməyənlər” səhnədə
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “ArtStudiya” Teatr Studiyasında çex dramaturqu Karel Çapekin “Sabahı görməyənlər” (“Ana”) əsəri əsasında hazırlanan tamaşa müharibənin insan talelərində yaratdığı faciəni, mənəvi sarsıntıları və iztirabları bütün çılpaqlığı ilə səhnəyə gətirib.
Faşizmə qarşı mübarizə ideyası üzərində qurulan tamaşada müharibənin Ana Doloresin ailəsini necə darmadağın etməsindən bəhs edir. Əvvəlcə həyat yoldaşını, sonra bütün övladlarını itirən ana sonda sonbeşiyi olan Tonini də vətəni müdafiə etməyə göndərir. Bu qərar Ana obrazının daxili faciəsinin kulminasiya nöqtəsidir.

Tamaşada Ana obrazını canlandıran aktrisa Zülfiyyə Alhüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, bu rolun onun karyerasında xüsusi əhəmiyyəti var :
“Bu rolu mənim həyatıma qızıl hərflərlə yazan Müşfiq Əliyevdir. Rejissorun bu cür əsər seçməsi böyük bilik və sənət duyumu tələb edir. Düzü, rejissor bu rola məni bir az məcbur etdi. Amma bu gün ona dərin təşəkkür edirəm ki, mənə belə bir obrazı həvalə edib. Obrazım haqqında tamaşaçılardan aldığım fikirlər də məni sevindirir".
Tamaşanın məşq prosesinin son dərəcə səmimi və yaradıcı mühitdə keçdiyini bildirən aktrisa əlavə edib ki, bəzən məşq zamanı obrazımıza o qədər qapılırdıq ki, ağlayırdıq da məşq etdiyimizi belə unudurduq. Nəticədə, tamaşa möhtəşəm geri dönüş aldı.


Tamaşada ata obrazını canlandıran aktyor Anar Seyfullayev obrazının fədakarlığından söz açıb:
“Ata müharibədə şəhid olsa da, tez-tez onun ruhu gəlib ailəsinə baş çəkir. Həyat yoldaşı ilə dərdləşir. O, övladlarının vətənpərvər ruhda böyüməsini istəyən, hər zaman döyüşə hazır olmağı təbliğ edən bir hərbçidir. Amma ana bunun əleyhinədir. Çünki heç bir ana övladının şəhid olmasını istəmir. Karel Çapekin bu əsərinin mövzusu çox bəşəridir. Bu gün bütün dünya müharibə içindədir və biz bu tamaşa ilə müharibəyə yox demək istəyirik. Heç bir müharibə heç bir dövlətə xeyir gətirmir. Müharibənin fəsadını bizim övladlarımız çəkir. Biz bu tamaşa ilə sülhün vacibliyini cəmiyyətə çatdırmağa çalışdıq".


Tamaşada Toni obrazını canlandıran aktyor Hüseyn Bayramov isə bu obrazı xüsusi sevgi ilə oynadığını deyib:
“Bu, zövq aldığım tamaşalardan biridir. Dram və faciə janrında oynamaq mənə daha yaxındır. O ağrını, o acını hiss etmək mənə daha doğmadır. Tamaşa çox xoş qarşılandı, yazarlar yazdı, tamaşaçılar tamaşanı sevdi. Bu, rejissorun və aktyorların ümumi uğurudur. Bu tamaşa ilə dünyada olan bütün müharibələrə yox deyirik. Qoy bütün ailələr birlikdə, xoşbəxt və sağlam yaşasın”.
Tamaşanın quruluşçu rejissoru Müşfiq Elmanoğludur. Tamaşada rolları Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov ifa ediblər.
Ayan Sədi
