Sabirabadda “Heydər Əliyev və hüquqi islahatlar” mövzusunda dəyirmi masa keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və hüquqi islahatlar” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, YAP Sabirabad rayon təşkilatı və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Ulu öndərin xilaskarlıq missiyasından, müasir Azərbaycan dövlətinin qurucusu kimi həyata keçirdiyi hüquqi islahatlardan danışıb.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Nadir Quliyev isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəni vurğulayaraq, bunun Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından birinin reallaşması olduğunu bildirib.
Sonda çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açaraq, onun ideyalarının və əziz xatirəsinin daim yaşayacağını diqqətə çatdırıblar.
