Sağlam qocalmağın sirri: 30 yaşdan başlayan vərdişlər
15 dəqiqəlik sürətli gəzintidən müntəzəm yuxuya qədər bir sıra sadə vərdişlər insanın yaşlandıqca fiziki və zehni sağlamlığını qorumasına kömək edə bilər.
İnsan 80 yaşına çatdıqda əvvəlki illərlə müqayisədə özünü daha zəif və hərəkətlərində daha sərt hiss edə, həmçinin koqnitiv qabiliyyətlərində müəyyən geriləmə yaşaya bilər. Yuxu rejimi də dəyişə, insan axşamlar daha tez yuxulaya və səhərlər daha erkən oyana bilər. Ən narahatedici məqam isə odur ki, statistik göstəricilərə əsasən, bu yaşda insanların ən azı bir xroniki xəstəliklə üzləşməsi ehtimalı yüksəkdir.
Lakin alimlər bunun qaçılmaz olmadığını düşünürlər. Kaliforniyada yerləşən Buck Yaşlanma Araşdırmaları İnstitutunun prezidenti və baş icraçı direktoru Erik Verdin bildirir ki, mövcud biliklərə əsasən, insanların əksəriyyəti həyat tərzini optimallaşdırmaqla 90, hətta 95 yaşa qədər sağlam yaşaya bilər.
Onun sözlərinə görə, hazırda insanların böyük hissəsi 65-70 yaşlarına qədər sağlam qalır, daha sonra isə müxtəlif xəstəliklərlə üzləşir və qocalığın mənfi təsirlərindən əziyyət çəkir.
Verdin qeyd edir ki, sağlamlığı yaxşılaşdırmaq üçün heç vaxt gec deyil. Daha çox idman etmək, düzgün qidalanmaq və alkoqol qəbulunu azaltmaq kimi müsbət həyat tərzi dəyişiklikləri istənilən yaşda faydalı ola bilər. Bununla belə, bu vərdişlərə daha erkən yaşlarda başlamaq daha yaxşı nəticə verə bilər.
Xüsusilə 30 yaş dövrü mühüm mərhələ hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu yaşlarda əzələ kütləsi və gücü, sümük sıxlığı və maddələr mübadiləsinin tənzimlənməsi kimi bir sıra fizioloji sistemlərdə yaşlanma ilə bağlı ilk kiçik dəyişikliklər başlayır.
Minnesota ştatında yerləşən Mayo Klinikasının Kogod Yaşlanma Mərkəzinin fiziologiya professoru Joao Passos hesab edir ki, 30 yaş dövrü uzunmüddətli sağlamlıq və fiziki dayanıqlılığı gücləndirən vərdişlər formalaşdırmaq üçün mühüm fürsətdir.
Yaşlanma prosesini araşdıran alimlər bu prosesin mümkün nəticələrini öyrənmək üçün adi yaşlanma tendensiyalarından fərqlənən insan qruplarını da tədqiq edirlər. Belə qruplardan biri 35 yaşdan yuxarı olmasına baxmayaraq, mütəmadi olaraq idman yarışlarında iştirak edən veteran idmançılardır. Onların arasında qaçış, velosiped və digər idman növləri ilə məşğul olan və 60 yaşdan sonra belə yarışlarda iştirakını davam etdirən şəxslər var.
Mançester Metropolitan Universitetində qidalanma və maddələr mübadiləsi üzrə baş müəllim Pol Morqan bildirir ki, veteran idmançıların bir çoxunda yaşlanma prosesi digər insanlardan əhəmiyyətli dərəcədə fərqlənir.
Onun sözlərinə görə, bu idmançılarda ürək-damar sisteminin fəaliyyəti və əzələ gücü daha yüksək səviyyəyə çatır, sonrakı illərdə isə bu göstəricilərin azalması daha gec başlayır. Nəticədə onların bir çoxu yaşlılıq dövründə hərəkət qabiliyyətini və müstəqilliyini daha uzun müddət qoruyur.
“Onlarda həyatın orta mərhələlərində qoruyucu maneə rolunu oynayan əlavə ehtiyat formalaşır”, -Morqan deyib.
Mütəxəssis hesab edir ki, bundan hər kəs faydalana bilər. Onun fikrincə, sağlam yaşlanmaq üçün 30 yaşlarda fiziki göstəriciləri mümkün qədər yüksək səviyyəyə çatdırmaq lazımdır.
Xüsusilə aerobik qabiliyyətə, elastikliyə və əzələ gücünə diqqət yetirmək tövsiyə olunur. Aerobik qabiliyyət orqanizmin fiziki fəaliyyət zamanı istifadə edə bildiyi maksimum oksigen miqdarını ifadə edir.
Güllər Gülhüseynova