00:00:00
Yazar
Admin User
25.12.2025 18:29 95 2 dəq oxuma
İqtisadiyyat

“Şahdəniz” layihəsi çərçivəsində 11 milyon dollarlıq müqavilə imzalanıb

“Şahdəniz” layihəsi çərçivəsində 11 milyon dollarlıq müqavilə imzalanıb

Türkiyənin “Hareket Project Transportation” şirkəti “Şahdəniz” Kompressiya platformasının tikintisi üçün mühəndis-texniki, nəqliyyat və kran xidmətlərini əhatə edən 11 milyon dollarlıq müqavilə imzalayıb. Müqavilə SOCAR və BP-nin qaz hasilatının artırılması üzrə birgə layihəsi çərçivəsində iki il müddətinə nəzərdə tutulub.

 

Layihənin məqsədi “Şahdəniz” yatağında aşağı təzyiqli qaz ehtiyatlarını hasilata cəlb etməklə ümumi qazverməni artırmaqdır. 2,9 milyard dollarlıq ŞDK layihəsi çərçivəsində təxminən 50 mlrd kubmetr əlavə qaz və 25 mln barelə yaxın kondensat hasilatı gözlənilir.

 

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Sadiq Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, bu ölkənin enerji sektorunda davamlı inkişafına töhfə verəcək:

 

“Azərbaycan iqtisadiyyatı, bildiyimiz kimi, əsasən neft və qaz hasilatına əsaslanır. Neft və qaz olmadan Azərbaycan iqtisadiyyatını təsəvvür etmək çətindir. Lakin dünyada son dövrlər neftə olan tələbat bir qədər azaldığı üçün yeni dövrdə, yəni 2030-cu illərdə əsas diqqət daha çox qaz hasilatına yönələcək.

Bu istiqamətdə Azərbaycanın perspektivli yataqlarından olan "Şahdəniz" yatağı və onun yaxınlığındakı "Şahdəniz Bravo" platforması ətrafında yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq 2025-ci ilin Enerji Həftəsində müvafiq müqavilələr imzalanıb və Azərbaycan hökuməti bu istiqamətdə investisiyalar yatırmağı planlaşdırır.

 

Bu layihələrdən biri Türkiyənin “Hareket Project Transportation” (tam adı “Hareket Heavy Lifting and Project Transportation”) şirkəti ilə bağlıdır. Bu, Azərbaycanın enerji sektorunda Türkiyənin birbaşa iştirak etdiyi ilk iri layihələrdən biridir. Layihə çərçivəsində kompressor stansiyalarının tikintisi nəzərdə tutulur. Bu stansiyalar vasitəsilə aşağı təzyiqli qazlar toplanacaq və bir neçə mərhələli kompressiya ilə təzyiq artırılaraq nəql ediləcək.

 

Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu platformalar insansız olacaq və məsafədən idarə ediləcək. Bu da müasir texnologiyaların tətbiqi baxımından irəliləyiş hesab olunur. Eyni zamanda, bu proses üçün lazım olan enerji günəş panelləri vasitəsilə təmin olunacaq və Şəfəq yatağından gələn elektrik enerjisi ilə dəstəklənəcək.

 

Azərbaycan Prezidenti İlham Əliyevin enerji forumundakı çıxışında qeyd edildiyi kimi, son 4 il ərzində ölkə qaz ixracını 87% artırıb. Bu yeni layihələr isə bu göstəricinin əlavə 30%-ə qədər artırılmasına imkan verəcək. 2030-cu ilə qədər Azərbaycan təxminən 30-32 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Hazırda isə istehsal olunan ümumi qaz həcmi 50 milyard kubmetr təşkil edir.

 

Bu layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın qaz hasilatında və ixracında böyük artım gözlənilir və bu, ölkənin enerji sektorunda davamlı inkişafına töhfə verəcək”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər