Şahmat və analitik düşüncə
Şahmat yalnız oyun deyil, həm də analitik düşüncənin, planlaşdırma bacarıqlarının və strateji qərarvermənin inkişaf etdiyi bir təhsil vasitəsidir. Şagirdlər şahmat vasitəsilə təkcə riyazi və məntiqi bacarıqlarını deyil, həm də problem həll etmə, diqqət və səbir qabiliyyətlərini inkişaf edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında şahmat müəllimi Sənan Ağayev bildirib ki, şahmatda hər gedişdən əvvəl bir neçə mümkün kombinasiyanı paralel şəkildə təhlil etmək, həmin gedişlərin orta və uzunmüddətli nəticələrini müqayisə etmək oyunçunu məntiqi ardıcıllıq qurmağa məcbur edir:
"Bu proses diqqətin cəmlənməsini, strateji düşünməyi və situasiyanı müxtəlif bucaqlardan qiymətləndirmək bacarığını inkişaf etdirir. Hər seçimin qarşı tərəfdə hansı reaksiyanı doğura biləcəyini qabaqcadan proqnozlaşdırmaq isə analitik təfəkkürü kəskin şəkildə gücləndirir, düşüncə çevikliyini artırır və daha rasional qərarverməyə zəmin yaradır. Turnir atmosferi şagirdi daha məsuliyyətli olmağa vadar edir: rəqabət hissi, vaxt məhdudiyyəti və rəqibin gücü ilə bağlı təzyiq onu daha dəqiq düşünməyə, hər addımı ölçüb-biçməyə məcbur edir. Bu şəraitdə şagird spontanlıqdan uzaqlaşır, səhvləri minimuma endirməyə çalışır və hər mövqeyə daha ciddi, analizə əsaslanan yanaşma formalaşdırır. Turnirin yaratdığı intizam və fokuslanma mühiti həm də oyunçunun psixoloji dayanıqlığını gücləndirir, qərarvermə prosesini daha sistemli və məqsədyönlü edir. Şahmat uşağın diqqətini uzun müddət bir nöqtədə saxlamaq bacarığını inkişaf etdirən nadir fəaliyyətlərdəndir. Taxtadakı hər fiqurun rolunu, mövqelərin qarşılıqlı əlaqəsini və növbəti gedişlərin mümkün nəticələrini düşünmək uşaqdan davamlı fokus tələb edir. Bu proses onun diqqət davamlılığını artırır, tez yayınmanın qarşısını alır və düşüncəni məntiqi ardıcıllıqla yönləndirməyə kömək edir. Məhz bu səbəbdən şahmat həm tədris, həm də gündəlik həyatda uşağın diqqət cəmləməsini gücləndirən ən effektiv zehni məşqlərdən biri hesab olunur".
Gövhər Mehyəddinova
