Şamaxı–İsmayıllı–Qəbələ yol layihəsi: Regionların inkişafına yeni təkan
Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə regionların bir-biri ilə əlaqəsini gücləndirən avtomobil yollarının yenilənməsi və yenilərinin inşası iqtisadi və turizm potensialının artmasına mühüm töhfə verir. Bu baxımdan Şamaxı–İsmayıllı–Qəbələ avtomobil yolu layihəsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin də vurğulandığı kimi, bu yolun tikintisi çərçivəsində ölkədə ən böyük körpünün inşa olunması layihənin miqyasını və strateji əhəmiyyətini bir daha göstərir. Yaxın zamanda istifadəyə verilməsi gözlənilən bu yol regionların inkişafına yeni təkan verəcək və nəqliyyat imkanlarını daha da genişləndirəcək.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov “İnformator.az”a bildirib ki, sözügedən yol layihəsi nəqliyyat infrastrukturuna mühüm müsbət təsir göstərəcək və bu istiqamətdə yüksək gözləntilər mövcuddur:
“Ərazinin tektonik baxımdan mürəkkəb quruluşa malik olması, xüsusilə Qaraməryəm–Şəki–Gürcüstan sərhədi istiqamətində uzanan yüksək dağlıq sahələrdən keçən mövcud yolların sürüşkənliyinə və istismar çətinliklərinə səbəb olurdu. Bu isə nəqliyyat vasitələrinin hərəkətində ciddi məhdudiyyətlər yaradır, sərnişin daşımalarında təhlükəsizlik və rahatlıq baxımından problemlər formalaşdırırdı”.
Ekspert qeyd edib ki, yeni layihə çərçivəsində müasir standartlara uyğun yolların çəkilməsi bu problemlərin aradan qaldırılmasına xidmət edəcək:
“Bakıdan Qəbələ istiqamətində, turizm baxımından mühüm əhəmiyyət daşıyan bölgəyə doğru 4 zolaqlı yeni avtomobil yolunun inşası regionun inkişafına ciddi təkan verəcək. Bu, həm nəqliyyatın əlçatanlığını artıracaq, həm də turizm və iqtisadi aktivliyi genişləndirəcək. Belə iri infrastruktur layihələrinə yönəldilən maliyyə vəsaiti özünü tam doğruldur. Bu layihələr yalnız nəqliyyat sahəsində deyil, ümumilikdə regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır və uzunmüddətli perspektivdə ölkəyə böyük dividendlər qazandırır”.
Mehriban Yariyeva