Şampinyonların təhlükəsiz istehlakı üçün əsas qaydalar
Şampinyon göbələklərinin insan sağlamlığı üçün faydaları ilə bağlı mütəxəssislər maraqlı məqamları açıqlayıblar. Bildirilir ki, şampinyonlar həzm olunmayan göbələk lifləri ilə zəngin olub, süngər kimi fəaliyyət göstərərək zərərli maddələri özünə çəkir və onların orqanizmdən xaric olunmasına kömək edir.
Məlumata görə, bu göbələklər bağırsağın peristaltikasını yaxşılaşdırır, həzm prosesini sürətləndirir və faydalı bağırsaq bakteriyaları üçün qida mənbəyi rolunu oynayır. Bu isə immun sisteminin möhkəmlənməsinə və ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir.
Mövzu ilə bağlı qida mühəndisi, nutrisioloq Fərid Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, insanlar qida təhlükəsizliyi sistemlərinin mövcudluğuna diqqət etməlidirlər:
“Şampinyon göbələklərinin ətraf mühitdən maddələri özünə çəkmə qabiliyyəti nəzərə alındıqda onların təhlükəsizliyi ilk növbədə istehsal mərhələsindən başlamalıdır. Yetişdirildiyi mühitdə istifadə olunan torpaq və substrat ağır metallar baxımından analiz edilməli, su mənbəyi mikrobioloji və kimyəvi göstəricilərə görə yoxlanılmalı, gübrələr isə yalnız qida istehsalı üçün icazə verilmiş və nəzarət olunan mənşədən olmalıdır. İstehsal sahələrində sanitar-gigiyenik qaydalara əməl olunması və müntəzəm dövlət nəzarəti əsas şərtdir.
Bazarlarda və ticarət şəbəkələrində satılan şampinyonların təhlükəsizliyi laborator şəraitdə aparılan bir sıra analizlərlə qiymətləndirilməlidir. Buraya ağır metalların təyini, pestisid qalıqlarının analizi, həmçinin mikrobioloji göstəricilər – salmonella, E. coli, kif və maya göbələkləri daxildir. Bu analizlər məhsulun insan sağlamlığı üçün risk yaratmadığını təsdiqləməlidir.
İstehlakçılar məhsul alarkən qablaşdırma üzərində istehsalçının adı, istehsal və son istifadə tarixi, saxlanma şəraiti barədə məlumatlara, eləcə də uyğunluq sertifikatı, gigiyenik rəy və mümkün olduqda HACCP və ya ISO 22000 kimi qida təhlükəsizliyi sistemlərinin mövcudluğuna diqqət etməlidirlər. Bu nişanlar məhsulun müəyyən standartlara uyğun istehsal olunduğunu göstərir.
Şampinyonların düzgün saxlanmaması və ya yetərincə istilik emalından keçməməsi qida zəhərlənməsi, mədə-bağırsaq pozuntuları və bəzi hallarda infeksion risklər yarada bilər. Ev şəraitində göbələklər soyuducuda +2…+4°C-də saxlanmalı, yuyulduqdan sonra uzun müddət gözlədilməməli, bişirilərkən isə tam bişməsinə diqqət yetirilməlidir. Çiy və ya yarımçıq bişmiş şampinyonların istehlakı tövsiyə edilmir. Bu sadə qaydalara əməl etməklə həm faydasını qorumaq, həm də riskləri minimuma endirmək mümkündür”.
Aydan Əsgərxanlı
