Sandu: Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
Biz enerji sahəsində əməkdaşlıqda maraqlıyıq. Enerji hamımız, xüsusilə Moldova üçün hələ də böyük problem olaraq qalır", - Sandu bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Moldova Prezidenti Maya Sandunun Avropa Siyasi Birliyinin Dublində keçirilən sammiti çərçivəsində səsləndirdiyi bəyanatlar və Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüş iki ölkə arasındakı münasibətlərin dinamikasında mühüm məqamdır:
"Maya Sandunun vurğuladığı kimi, Moldova son illərdə ənənəvi enerji mənbələrindən, xüsusilə Rusiyadan asılılığı azaltmaq üçün ciddi islahatlar həyata keçirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı artan rol fonunda Moldovanın bu əməkdaşlıqda maraqlı olması, münasibətlərin simvolik müstəvidən konkret praktiki və iqtisadi müstəviyə keçdiyini göstərir. Dublində baş tutan görüşdə sadəcə enerji deyil, eyni zamanda ticarət, iqtisadi əlaqələr və kənd təsərrüfatı sahələrində perspektivlər müzakirə olunub".
Əlavə olaraq politoloq bildirib ki, ikitərəfli əməkdaşlığın daha geniş spektrə yayıldığını təsdiqləyir:
"Bu bəyanat birdəfəlik siyasi jestdən çox, Moldovanın Avropaya inteqrasiya və enerji sabitliyi strategiyasında Azərbaycanın alternativ tərəfdaş kimi mövqeyinin gücləndiyinə işarədir. Politoloq bildirib ki, Şərqi Avropada və Qara dəniz hövzəsində davam edən geosiyasi böhranlar və münaqişələr Moldovanı enerji mənbələrini təcili şəkildə şaxələndirməyə məcbur edir. Bu kontekstdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi çıxış edir. Onun sözlərinə görə, Avropa Siyasi Birliyi kimi platformalar postsovet məkanındakı ölkələrlə Azərbaycan kimi strateji tərəfdaşlar arasında birbaşa və səmərəli dialoq qurmağa şərait yaradır. Maya Sandu açıqlamasında Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı olduğunu, regionda sülhə yönələn səyləri alqışladığını bildirib ki, bu da ümumi işin xeyrinədir".
Səadət Əlizadə