“Satış qiymətləri hər ölkədə fərqli şəkildə formalaşa bilər”
Ermənistan Azərbaycan benzinini bu qiymətə satacaq
Azərbaycandan Ermənistana ixrac olunan premium benzin ölkə bazarında gözləniləndən xeyli ucuz satılacaq.
Mövzu ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan nefti və benzin məhsulları dünya bazar qiymətlərinə uyğun ixrac olunsa da, onların idxalçı ölkələrdə satış qiyməti yerli bazar şərtləri və sahibkarların qərarları əsasında müəyyənləşdirilir:
“Azərbaycan nefti dünya və beynəlxalq bazar qiymətlərinə uyğun şəkildə ixrac olunur və bu proses qlobal enerji bazarındakı tələbat və təklif balansına əsaslanır. Neft məhsullarının, o cümlədən benzinin ixrac qiymətləri də beynəlxalq bazarlarda formalaşan dəyərlərə uyğun müəyyən edilir. Bu baxımdan Azərbaycan digər ixracatçı ölkələr kimi dünya bazar mexanizmlərinə riayət edir. Lakin ixrac edilən neft və benzin məhsullarının idxalçı ölkələrdə hansı qiymətə satılması həmin ölkələrin daxili bazar şərtlərindən asılı olur. Bu qərarlara daxili iqtisadi vəziyyət, vergi siyasəti və bazardakı rəqabət səviyyəsi də təsir göstərir. Nəticə etibarilə, Azərbaycan nefti və benzin məhsulları dünya bazar qiymətlərinə uyğun ixrac olunsa da, son satış qiymətləri hər ölkədə fərqli şəkildə formalaşa bilər”.
Fidan Alışova
