Saxta bağlama bildirişləri və rəqəmsal tələ: Kiberdələduzluğun yeni üsulları
Rəqəmsal xidmətlərin sürətli inkişafı fonunda kiberdələduzluq metodları da mütəmadi olaraq təkmilləşir. Son dövrlər vətəndaşlara göndərilən saxta bağlama bildirişləri və fişinq hücumları fərdi məlumatların və maliyyə vəsaitlərinin qorunması məsələsini yenidən gündəmə gətirib. Dələduzların istifadə etdiyi psixoloji manipulyasiya üsulları rəsmi qurumların xəbərdarlıqlarına baxmayaraq, hələ də ciddi risklər formalaşdırır.
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Eyvaz Kərimov "İnformator.az"a açıqlamasında bildirib ki, bu tip kiberhücumların kütləvi xarakter alması təsadüfi deyil:
"Kiberhücumların çoxalması həm məlumat sızması ilə bağlı ola bilər, həm də təsadüfi göndərişlərlə. Amma minlərlə insana eyni anda mesaj gedirsə, burada adətən hansısa bazaların əldən-ələ keçməsi ehtimalı yüksək olur. Yəni nömrələr hardansa toplanıb sistemli şəkildə istifadə edilir".
Mütəxəssis vətəndaşları saxta mesajları real olanlardan ayırmaq üçün bir neçə sadə indikatora diqqət yetirməyə çağırıb. Eyvaz Kərimovun sözlərinə görə, texniki biliyi olmayan şəxslər belə müəyyən əlamətlərlə təhlükəni hiss edə bilərlər:
"Real mesajla saxta mesajı ayırmaq üçün ən sadə əlamət linkin görünüşüdür. Əgər link qəribədirsə və rəsmi sayt ünvanına oxşamırsa, bu, artıq siqnaldır. Həmçinin mesajda" indi daxil olun", "kartınız bağlanacaq" kimi tələsdirmə və qorxutma elementləri, eləcə də qrammatik səhvlər olur. Ən düzgün yol mesajdakı linkə keçmək əvəzinə, müvafiq qurumun rəsmi saytına və ya tətbiqinə birbaşa daxil olmaqdır".
Eyvaz Kərimovun qeyd etdiyi digər mühüm məqam isə vətəndaşın zərər çəkdiyi təqdirdə atacağı addımlarla bağlıdır. O, bu prosesdə zamanın həlledici rol oynadığını vurğulayıb:
"Əgər vətəndaş artıq linkə daxil olub zərər görübsə, dərhal banka zəng etməli, kartı bloklatmalı və əməliyyata etiraz etməlidir. Tez reaksiya verildikdə pulu geri qaytarmaq şansı daha yüksək olur. Eyni zamanda, bankların da təhlükəsizlik sistemləri bu cür hallara qarşı kifayət qədər güclü olmalıdır".
Kiberhücumların qarşısının alınmasında dövlət və özəl sektorun birgə fəaliyyətinin vacibliyinə toxunan mütəxəssis, vahid monitorinq sisteminin qurulmasının mümkünlüyünü qeyd edib:
"Banklar, operatorlar və dövlət qurumları arasında sürətli məlumat paylaşımı olsa, saxta linklər anında bloklana bilər. Lakin tək texniki sistem kifayət etmir, insanları da davamlı məlumatlandırmaq lazımdır. Hazırda ən güclü müdafiə həm təkmil texnologiya, həm də diqqətli istifadəçidir".

Rəqəmsal dünyada hər bir bildirişə ehtiyatla yanaşmaq fərdi təhlükəsizliyin qızıl qaydasıdır. Texniki manipulyasiyalardan qorunmaq üçün rəsmi mənbələrdən gəlməyən şübhəli keçidlərə daxil olmamaq və şəxsi məlumatları paylaşmamaq ən etibarlı yoldur.
Lalə Əhməd