Saxta profillər vasitəsilə təhqir və böhtan halları - Qanunvericilik nə deyir?
Rəqəmsal platformaların geniş yayılması ilə yanaşı, sosial şəbəkələrdə saxta profillər vasitəsilə təhqir və böhtan halları da artmaqdadır. Bu cür hallar həm şəxsin şərəf və ləyaqətinə zərər vurur, həm də hüquqi məsuliyyət doğurur.
Mövzu ilə bağlı vəkil Asif Mustafayev "İnformator.az"a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən belə hallarla bağlı zərərçəkmiş şəxs şikayət verə bilər:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsi təhqir halları ilə bağlı məsuliyyəti nəzərdə tutur. Bu maddəyə əsasən, şəxsin şərəf və ləyaqətinin qəsdən alçaldılması cinayət sayılır və buna görə müxtəlif cərimələr, eləcə də bir ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Eyni zamanda, internetdə saxta profillər vasitəsilə şəxsləri təhqir etmək və ya böhtan atmaq da bu kateqoriyaya daxildir və qanunvericiliklə məsuliyyət yaradır. Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən isə belə hallarla bağlı zərərçəkmiş şəxs şikayət verə bilər. Hüquq-mühafizə orqanları həmin şəxsi müəyyən edə bildiyi təqdirdə, o, cinayət məsuliyyətinə cəlb olunur".
Səmayə Səftərova