Saxta xəbərlər və cəmiyyətə təsiri
Müasir dövrdə informasiya cəmiyyətin formalaşmasında həlledici rol oynayır. İnternetin və sosial medianın sürətli inkişafı məlumatın yayılmasını asanlaşdırmaqla yanaşı, onun doğruluğuna nəzarəti də çətinləşdirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, xəbərin hansı mənbədən əldə olunması olduqca önəmlidir:
"Günümüzdə insanlar, əsasən, sosial şəbəkələrdə yayılan məlumatları izləyirlər. Minlərlə xəbər saytı olsa da, əfsuslar olsun ki, insanlar bu saytların özlərini oxumağa maraq göstərmirlər və bu böyük bir problemdir. Bu isə cəmiyyətdə dezinformasiyanın yayılmasına səbəb olur. Xəbər oxuyarkən onu hansı mənbədən əldə etdiyimiz çox vacibdir. Rəsmi və tanınan saytlar və Agentliklərdə yayımlanan xəbərlərlə, yeni yaranan və qeyri-rəsmi saytlarda yayılan məlumatlar arasında ciddi fərq var. Etibarsız mənbələrdən yayılan yalan məlumatlar ciddi fəsadlara səbəb ola bilər. Saxta xəbərlər təkcə bir insan üçün yox, bütövlükdə cəmiyyət və dövlət üçün təhlükə yaradır. Media dördüncü hakimiyyət sayılır və yayılan bir yanlış məlumat ölkədə mitinqlərə, çevriliş cəhdlərinə və hətta müharibəyə qədər gətirib çıxara bilər. Hazırda "fakenews"-saxta xəbərlər bütün dünya üçün təhlükəlidir. Bugünkü dövrdə “deepfake” texnologiyası ilə saxta videolar hazırlanır. Məsələn, yaxın vaxtlarda Avropa Komissiyasının rəhbəri Ursula von der Leynin adından deepfake videosu yayılıb və bu, ciddi narahatlığa səbəb oldu. Hətta Qərb ölkələrində belə bu məsələyə görə fövqəladə toplantılar keçirilir. ABŞ-də insanlar xəbərləri əsasən Associated Press, CNN, New York Times kimi nüfuzlu media qurumlarından alırlar. Digər yandan, BuzzFeed və Quartz kimi saytların məlumatları bəzən şübhəli ola bilər. Hətta etibarlı media qurumları da zaman-zaman səhv edə bilir. BBC buna böyük misaldır. BBC Trampın çıxışını montaj edərək təqdim edib bu da göstərir ki, heç bir mənbə 100% zəmanətli deyil. Buna görə də, doğru informasiya əldə etmək üçün yalnız özünü sübut etmiş, etibarlı media qurumlarına müraciət etmək vacibdir. Bu, həm fərdi, həm də ictimai təhlükəsizliyin təmin olunması baxımından çox önəmlidir".
Gövhər Mehyəddinova
