Sehrli söz və səs məkanı
Bu il Azərbaycan radiosunun müntəzəm fəaliyyətə başlamasının 100 ili tamam olur. Bu münasibətlə Bakı Dövlət Universitetinin və Jurnalistika fakültəsinin birgə təşəbbüsü ilə 5 noyabr 2026-cı il tarixində BDU-da “Azərbaycan Radiosu-100. Milli Yaddaşdan Rəqəmsal Mediaya” adlı Respublika Elmi-Praktik Konfransı keçirildi. Konfransda çıxış edən Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli bir neçə yeni kitabı təqdim etdi. Onlardan biri də filologiya elmləri doktoru, BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Sevil Həsənova ilə “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC-nin əməkdaşı, jurnalist Zərifə Ağahüseynqızının birgə hazırladıqları “Səsin əbədi məkanı” kitabı idi.
Əvvəlcə həmmüəlliflər haqqında qısa məlumat vermək istərdim. Sevil Qiyas qızı Həsənova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tanınmış alimi, dosenti və filologiya elmləri doktorudur. O, 1975-1980-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. 2000-2005-ci illərdə Təhsil Problemləri İnstitutunun dissertantı olub. Hazırda BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasında çalışır. Sevil Həsənova müstəqilliyin bərpasından sonrakı dövrdə BDU-nun Jurnalistika fakültəsində elmlər doktoru dissertasiyasını uğurla müdafiə edən ilk xanımdır. Cavidşünas kimi
tanınan Sevil Həsənova, Hüseyn Cavidin ədəbi məktəbi ilə yanaşı, müxtəlif media mövzuları üzrə
də araşdırmalar aparıb.
Zərifə Ağahüseynqızı Azərbaycan teleradio məkanının tanınmış simalarından, uzun illər
Azərbaycan Radiosunda və Televiziyasında çalışmış peşəkar jurnalist və nitq mədəniyyəti üzrə
təlimçidir. O, yarım əsrlik jurnalistika fəaliyyəti ilə yanaşı, ana dilinin saflığının qorunması və natiqlik sənətinin tədrisi sahəsindəki işi ilə də tanınır. Ömrünün 50 ilini “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə- AzTV-yə və Azərbaycan Radiosuna həsr edib. Efirə gedən və dinləyicilərin böyük marağına səbəb olan “Çevrə” kimi proqramların müəllifi və aparıcısı olub. Zərifə xanım təmiz diksiyası və özünəməxsus səs tembri ilə həm dinləyicilərin, həm də həmkarlarının rəğbətini qazanıb. Zəngin efir təcrübəsini gənc nəsillərə və peşəkarlara ötürmək üçün Teleradio Akademiyasında, ali təhsil müəssisələrində və bir sıra şirkətlərdə təlimlər keçib. "Nitq mədəniyyəti və natiqlik sənəti”, eləcə də “İşgüzar Azərbaycan dili” fənlərini tədris edərək düzgün tələffüz və nitq etikası qaydalarını öyrədib.
İndi isə bir qədər əvvəl bəhs etdiyim “Səsin əbədi məkanı” kitabı haqqında. Kitab Azərbaycan radiosunun fəaliyyətə başladığı dövrdən radio aparıcısı və diktor kimi çalışmış neçə-neçə radio
fədaisinə həsr olunub. Burada həmin şəxslərin öz xatirələri və başqalarının onlar haqqında
söylədikləri xoş sözlər toplanıb. Soltan Nəcəfov, Aydın Qaradağlı, Ramiz Mustafayev, Yusif Muxtarov, Züleyxa Hacıyeva, Sabutay Quliyev, Qasım Tağızadə, Ofeliya Sənani, Eldost Bayramov,
Sevda Saleh, Rəna Məmmədova və Azərbaycan radiosunun başqa tanınmış səs sahibləri haqqında maraqlı məlumatlar və əziz xatirələr oxucuya bədii ifadə imkanlarından məharətlə istifadə olunaraq çatdırılır. Oxucu kitabı mütaliə edərkən bu şəxsiyyətlər haqqında məlumat almaqla yanaşı, onların daxili aləmi və mənəvi zənginliyi ilə də yaxından tanış olur.
Mütaliə zamanı diktorların “qoruyucu mələyi” adlandırılan Ramiz Mustafayev haqqında deyilmiş bir fikir məndə dərin təəssürat yaratdı: “O, xeyirxahlığı borc kimi yox, həyat tərzi kimi qəbul edirdi”,-deyib diktor Əli Məmmədov öz xatirələrində. O qeyd edirdi ki, Ramiz Mustafayev işə
hamıdan tez gələr, hamıdan gec çıxardı. Təcrübəçilərə təmkinlə yanaşan bu nəcib və təvazökar insan qarşısındakına iradını təklikdə bildirər və səhvini sakit səslə izah edərdi. Vəzifəni üstünlük yox, məsuliyyət sayan Ramiz Mustafayev üçün insanı sındırmaq yox, onu yetişdirmək əsas idi.
Diktorlar Qahirə Rəcəblinin və Şəmsiyyə Qarayevanın xatirələrini oxuyarkən isə 1990-cı il 20 Yanvar hadisələrini göz önünə gətirməmək mümkün deyil. Lakin böyük xoşbəxtlik və qürur hissi ilə qeyd etmək lazımdır ki, həmin diktorların taleyinə Azərbaycanın şanlı qələbəsini radio efirindən dinləyicilərə çatdırmaq da yazılmışdı. Kitabda diqqətimi çəkən maraqlı məqamlardan biri də Soltan Nəcəfovun xatirələrində yer alır. O, 1937-ci ildə “Koroğlu” operasının ilk tamaşasını Azərbaycan Radiosu ilə translyasiya edərkən operanın üçüncü pərdəsində həddindən artıq uzun fasilə yaranıb. Tamaşanın gedişində Koroğlunun at belində səhnəyə çıxması nəzərdə tutulurmuş. Bülbül atı ram etməyə çalışsa da, at səs-küydən hürkür və tamaşanın davam etməsi çətinləşir. Lakin sonda bütün səylər uğurla nəticələnir və Koroğlunun at belində səhnəyə çıxması gurultulu alqışlarla qarşılanır.
Əməkdar artist adına layiq görülən ilk diktor Aydın Qaradağlının fikri bu gün də öz aktuallığını qoruyur: “Nə diktorun, nə radio, nə də televiziya jurnalistinin danışığında haralı olduğu, hansı regionda doğulduğu bilinməməlidir”. İlk təhsilini Gəmiçilik məktəbində alan Aydın Qaradağlı haqqında kitabda belə bir fikir yer alır: “Səsi dağlardan uca, ana nəfəsitək hərarətli olan və uşaqlıqdan marağını cəlb edən bu sehirli qutunun mənbəyinə gedib çıxan 17 yaşlı gəncin səsi artıq dəniz dalğaları üzərində yox, radio dalğalarında pərvaz edəcəkdi”. Radioda işə başladıqdan sonra o, M.F. Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq ixtisasını və Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. Bu gün onun səsində ifa olunan çoxsaylı ədəbi əsərlər Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur.
1999-cu ildə Azərbaycanın on tanınmış idmançısı siyahısına daxil edilən, 1979-cu ildə Əməkdar artist fəxri adına layiq görülən Züleyxa Hacıyevanın radio sahəsinə gəlişi də gözlənilmədən baş tutub. 1940-cı illərdə gimnastika üzrə yeddi dəfə Azərbaycan çempionu olan bu gənc idmançı gələcəyini idmanda görürdü. Lakin bir gün baş verən təsadüfi hadisə onun sağlamlığına və dolayısı ilə idman həyatına mənfi təsir göstərdi. Kədər içində taleyini sorğulayan gənc bir gün radio verilişinə dəvət aldı. Bu dəvət sanki həyatının yeni mərhələsinə açılan qapı oldu. Diksiyası və idmanla bağlı bilikləri yüksək qiymətləndirilən Züleyxa Hacıyevaya radioda diktor işləmək təklif edildi. Beləcə, o, ömrünün 50 ilini bu
sənətə həsr etdi.
“Səsin əbədi məkanı” Azərbaycan radiosunun tarixində iz qoymuş insanların xatirələrini yaşadan,
onların əməyini və sənətə bağlılığını gələcək nəsillərə çatdıran dəyərli kitabdır. Bu xatirələrdən biz radionun yalnız informasiya vasitəsi deyil, həm də xalqın yaddaşını, sevincini və ağrısını yaşadan bir məkan olduğunu görürük. Kitabı oxuduqca bu səslərin efirdən çəkilsə də, yaddaşlardan silinmədiyini anlayırıq. “Səsin əbədi məkanı” adı da məhz bu həqiqəti ifadə edir: radio fədailərinin səsləri və xatirələri Azərbaycan mədəniyyətində yaşamağa davam edəcək.
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, Magistratura 1-ci kurs tələbəsi Jalə İsmayılova