SEPAH ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi infrastrukturuna zərbələr endirdiyini açıqlayıb
SEPAH ABŞ-nin son hücumlarına cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərinə raket və dron zərbələri endirdiyini bildirib. Bəyanatda Hörmüz boğazında nəzarətin İrana məxsus olduğu vurğulanıb və yeni hücumlara sərt cavab veriləcəyi qeyd edilib. ABŞ isə İrandakı hərbi hədəflərə əlavə zərbələr endirdiyini açıqlayıb.
Mövzu ilə bağlı siasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, İranın son addımları sülh prosesini risk altına salır və bölgədəki gərginliyin əsas səbəblərindən biri kimi qiymətləndirilir:
“Bu qarşılıqlı hücumlar və atəşlər sülh prosesinə mənfi təsir göstərir. Hər iki tərəf İslamabad memorandumunu imzalamaqla atəşkəsə razılıq verib və belə olan halda bir-birinə qarşı güc tətbiqindən çəkinməlidir. Lakin İran memorandumu imzaladıqdan sonra yenidən ABŞ-yə qarşı hərəkət etdiyini bəyan edərək körfəz ölkələrinə zərbələr endirib. Nəticədə ABŞ-də cavab addımları atıb. Eyni zamanda Hörmüz boğazından keçən gəmilərə hücumlar qeydə alınıb və buna da qarşılıq verilib. ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, İran bu siyasəti davam etdirsə, ağır nəticələrlə üzləşəcək. ABŞ öz məqsədinə çatdığını göstərir və bundan sonra müharibəni genişləndirmək niyyətində görünmür. Lakin İranın davranışları əks mənzərə yaradır. Bu addımlar sülh prosesini risk altına salır və mövcud vəziyyətin əsas səbəbkarı kimi İran çıxış edir”.
Politoloq qeyd edib ki, İranın son addımları bölgədə təcridini dərinləşdirib və bir sıra dövlətlərin ABŞ ilə daha sıx əməkdaşlığa yönəlməsinə səbəb olub:
“İran Yaxın Şərq ölkələrini hədəfə almaqla faktiki olaraq ABŞ-nin mövqeyini gücləndirib. ABŞ İranın hərbi və strateji imkanlarına ciddi zərbə vurub. Ölkənin bir sıra yüksək vəzifəli şəxsləri, generalları və alimləri həlak olub, mühüm obyektlər sıradan çıxıb. Nəticədə İran ağır vəziyyətlə üz-üzə qalıb. Belə bir şəraitdə İranın cavabı ABŞ-yə yönəlməli olduğu halda, Yaxın Şərqin müsəlman ölkələri hədəf seçilib. Bu isə həmin dövlətlərin ABŞ ilə daha sıx əməkdaşlığa üstünlük verməsinə səbəb olub. İran potensial tərəfdaşlarını özündən uzaqlaşdıraraq bölgədə daha da təcrid olunub. Hazırda İranı açıq şəkildə müdafiə edən dövlətlərin sayı olduqca məhduddur. Türkiyədə ictimai müzakirələr aparılsa da, rəsmi səviyyədə ciddi addımlar müşahidə olunmur. Azərbaycanda isə müəyyən qruplar İranın lehinə ictimai rəy formalaşdırmağa çalışır. Bununla belə, nə dövlət səviyyəsində, nə də cəmiyyət daxilində İranı müdafiə etmək istiqamətində ciddi meyl görünmür. İranın təklənməsinin əsas səbəbi isə onun öz siyasətidir”.
Aydan Əsgərxanlı