Kiyevə NATO zəmanəti-ŞƏRH
NATO-nun Baş katibi Mark Rutte Ukraynaya sülh razılaşmasından sonra təhlükəsizlik zəmanətlərinin verilməsinə alyans ölkələrinin hazır olduğunu bildirib.Rutte bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə Nyu-Yorkda keçirilən görüşdən sonra deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, təhlükəsizlik təminatı yalnız sülh razılaşması imzalandıqdan sonra real gündəmə gələ bilər:
“Təhlükəsizlik təminatı məsələsi yalnız sülh razılaşması imzalandıqdan sonra gündəmə gələ bilər. Sülh sazişi olmadan NATO-nun hər hansı təhlükəsizlik təminatı vermək imkanı yoxdur. Belə bir məsələ Rusiya ilə müzakirə olunmayıb və Moskvanın bunu qəbul etməsi də mümkünsüzdür.Rüttenin son bəyanatı əslində, Donald Trampın sülh layihəsindəki bəndləri müəyyən dərəcədə təkrar edir. NATO Ukraynanın təhlükəsizliyinin əsas təminatçısı kimi öz üzərinə müəyyən öhdəliklər götürəcək. Avropa ölkələri də nədənsə müharibənin bir qədər uzanmasında maraqlı görünürlər. Hərçənd ki, bu nə Avropanın, nə də Ukraynanın maraqlarına cavab verir. Görünür, Rusiyanın işğal qorxusu onları müharibəni uzatmaq məcburiyyətində qoyub”.
Siyasi şərhçinin sözlərinə görə, aparıcı dövlətlərin təzyiqi nəticəsində tərəflər arasında razılığın əldə olunması mümkündür:
“Tərəflər real mövqe tutsalar, ABŞ və Çinin təzyiqləri ilə Avropa ölkələri, eləcə də Rusiya və Ukrayna öz mövqeyini dəyişə bilər. Nəticədə ilin sonuna qədər və ya gələn ilin birinci yarısında sülh sazişi nəhayət ki, imzalanar. Bu sazişin imzalanması həm Rusiya-Ukrayna münasibətlərinin yaxşılaşmasına, həm də Rusiya ilə Avropa arasındakı əlaqələrin tamamilə yeni səviyyəyə keçməsinə imkan yarada bilər”.
Zəri Bayramlı